Honq Konqda muay-tay üzrə “Top King World Series” adlı dörd ən güclü idmançının iştirak etdiyi nüfuzlu turnirə yekun vurulub.
Publika.az xəbər verir ki, ilk yarımfinal görüşündə azərbaycanlı döyüşçü, "Best of the Best" promoşn qrupunun üzvü Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü hesab edilən Buakav Bençameklə üz-üzə gəlib. İlk raund zamanı Xəyalın güclü zərbəsinin qarşısını ala bilməyən Buakav başından ciddi zədə alıb.Bununla belə, döyüş dayandırılmayıb. Üç raundluq görüş zamanı azərbaycanlı idmançı titullu rəqibini bütün komponentlərdə üstələyib. Yekunda uzun illər məğlubiyyət acısı yaşamayan Buakav Xəyal Caniyevə uduzub. Hakimlər yekdilliklə Caniyevin qələbə qazandığını təsdiqləyib.
"Best of the Best" promoşnun üzvünün qələbəsi dünyada böyük sensasiya kimi qəbul edilib. Tailand mətbuatı Buakav Bençamekin məğlubiyyətinə inanmaq istəmədiklərini yazıb.
21 yaşlı Xəyal Caniyev Azərbaycanın “Best of The Best” promoşn qrupunun üzvüdü. Ötən il Buakav Bençamek Bakıda keçirilən “K-1 World Max”da iştirak edib və inamlı qələbə qazanıb.