Qurban Qurbanov: "Qrupa düşməsəydik, bəlkə də bizə fərqli gözlə baxardılar"

Qurban Qurbanov:  "Qrupa düşməsəydik, bəlkə də bizə fərqli gözlə baxardılar" backend

"İlk olaraq, futbolçularımı təbrik etmək istəyirəm. Ağır yol gəlmişik. Konfrans Liqasında hər üç rəqibə qarşı oyunlar asan keçməyib, amma uğurlu alınıb".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin"i 3:1 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis səfərdəki matçın final oyununa bərabər olduğunu söyləyib: "Bu görüşdə az səhv etməli idik. Oyunçular bunu bacardılar və 90 dəqiqə diqqətli oldular. Düşünürəm ki, onlar bu qələbəyə layiq idilər. Azarkeşləri və bütün azərbaycanlıları təbrik edirəm. Ən azından bir neçə komanda yenə bizim ölkəmizə gələcək və avrokubok həyəcanı Bakıda olacaq. Buna görə sevinirəm".

Qurbanov 7 ildən sonra avrokuboklara çempion kimi yollanmamalarına da münasibət bildirib: "Həmişə Allahdan xeyirlisini istəmişəm. Çempion olmadığımıza görə çox üzülürdük. Bu dəfə qrupa düşmək bizim üçün heç də asan deyildi. Çempion olmamışdıq və qrupa düşməsəydik, bəlkə bizə fərqli gözlə baxardılar və güvən azalardı. Amma xeyli peşəkarlaşmışıq. Bu, həm kluba, məşqçilər heyətinə, həm də futbolçulara aiddir. İdmanda daimi qalibiyyət yoxdur. Hardasa məğlub olmalıyıq. Bunu dünyanın güclü klublarında və milli komandalarda görmüşük. Sadəcə, həmişə işimizi doğru, düzgün yerinə yetirməyə və uğur olmayanda isə ondan nəticə çıxarmağa çalışmışıq. Hər məğlubiyyət bir müddət təsir edir. Amma sonra bütün komanda, kollektiv və klub olaraq özümüzü ələ aldıq və belə turnirə hazırlaşdıq. Hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, həmin yarışda ən yaxşısını etməyə çalışmışıq. Qrupa düşməyi bacardıq. Bir neçə gün istirahətdən sonra gələcək planlarımızı quracağıq".

Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Diaspora