"Bu cür oyuna belə itkilərlə gəlmək yaxşı hal deyil. Əsas heyətin 3 üzvü sabah oynamayacaqlar. Rəqibin nə qədər güclü olduğunu Bakıda da gördük. Keyfiyyətli oyunçulardan yığılmış komandadır. Konfrans Liqası üçün güclü olan kollektivlə qarşılaşacağıq. Çox yaxşı hücum xəttinə malikdir. İlk oyunda da bunu hiss etdik. 3-4 gün öncə "Makkabi" kubok matçı keçirib. Həmin matçda baxdıqdan sonra bir daha şahidi olduq ki, komandanın oyununda keyfiyyət azalmayıb. Bu, bizə problem yarada bilər. Amma İsrailə elə-belə gəlməmişik. Başa düşürük ki, son şansımızdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bakıda bu komandaya 3 qol vurmuşuqsa, burada da edə bilərik".
Qaziler.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Bakıda 3:3 hesablı heç-heçə etdikləri ilk matçdan gözləntilərinin böyük olduğunu bildirib: "Təəssüflər olsun ki, planımız baş tutmadı. Rəqibi keçmək olar. Amma olduqca ciddi itkilərimiz var. Xüsusilə Yusuf Lavalın olmaması bizə problem yaradacaq. Bu cür meydanda, azarkeşlər qarşısında oynamaq asan olmayacaq. Sonadək mübarizə aparıb, yaxşı nəticə qazanmaq istəyirik".
Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3. (Report)