Görkəmli şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turniri davam edir.
Bakıdakı 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparır.Beynəlxalq turnirdə 7-ci turun görüşləri artıq başa çatıb. 7 turdan sonra Muradlı Məhəmməd aktivinə 6 xal yazaraq vahid liderdir. Məhəmməd İsmayılov, Kaçarava Nikolozi (GEO), Əhmədzadə Əhməd, Mürsəlli Mətin, Mollayev Abusəddin hərəyə 5,5 xal toplayaraq 2-5-ci yerləri blüşdürürlər. Yarışlarda Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa təmsilçiləri də iştirak edirlər. Yarışın təşkilatçılarından olan Anar Allahverdiyevin sözlərinə görə yarışda güclü idmançılar mübarizə aparır və bu yarış həm də növbəti Avropa və Dünya çempionatları üçün bir sınaq turniridir. Onun sözlərinə görə yarışda Azərbaycanın müvafiq yaş qrupları üzrə ən güclü idmançıları yarışır. Hər yaş kateqoriyası üzrə qalib gələn idmançılar kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Beynəlxalq turnir isveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışın baş hakimi FİDE hakimi Cavanşir Bağırovdur.