16-cı Avropa futbol çempionatının davam etdiyi dövrdə London Fond Birjasının İqtisadi Göstəricilər Mərkəzi maraqlı bir tədqiqatın nəticələrini açıqlayıb.
Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla xəbər verir ki, tədqiqat “Futbol, alkoqol və ailədə zorakılıq” adlanır.
Tədqiqat zamanı London Fond Birjasının İqtisadi Göstəricilər Mərkəzinin əməkdaşları azarkeşlərin futbol matçlarından az əvvəl, yaxud oyunlara baxa-baxa qəbul etdikləri alkoqolun məişət zorakılığına təsirini öyrəniblər.
Tədqiqatçılar bu məqsədlə “Mançester Yunayted” və “Mançester Siti” futbol komandalarının 8 il ərzində – 2012-ci ilin aprelindən 2019-cu ilin iyun ayınadək keçirdikləri ümumilikdə 800-ə yaxın matçdan sonra Böyük Mançester qraflığının polis idarəsinə daxil olan zənglər və baş vermiş cinayət hadisələri haqda məlumatları təhlil ediblər.
Məlum olub ki, futbol görüşü tez, məsələn, günorta vaxtı başlananda ailələrdə zorakılıq halları artır, gec başlananda (məsələn, axşam saat 7-də) artmır, həmişəki səviyyədə qalır.
Tədqiqatçılar bunu belə əsaslandırıblar ki, oyun tez başlananda azarkeşlər günortadan içkili olurlar, bəziləri oyundan sonrakı saatlarda da içməyə davam edir, bu isə axşamçağı ailələrdə problemlərin ortaya çıxmasına səbəb olur.
Tədqiqatda göstərilir ki, futbol görüşlərinin keçirildiyi müddətdə, yəni iki saata yaxın vaxt ərzində Böyük Mançester qraflığında yaşayan ailələrdə zorakılıq hallarının sayı 5% azalıb. Ancaq günorta vaxtı keçirilən oyunlardan sonrakı səkkiz saatda qeydə alınan ailədaxili zorakılıqların sayı orta statistik göstəricidən 8,5% çox olub.
London Fond Birjasının İqtisadi Göstəricilər Mərkəzinin polis və cinayətkarlıq üzrə araşdırmalar qrupunun rəhbəri Tom Kirçmayer bəyan edib ki, tədqiqatın nəticələri hüquq mühafizə orqanlarının işi üçün böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, yarışlar zamanı stadionlarda daha az cinayət baş versə də, oyunlardan sonra ailələrdə yaşanan gərginlikləri nəzərə almaq lazımdır.
“Biz indiyədək futbol yarışlarının keçirilmə saatları ilə bağlı heç kimin ağlına gəlməyən böyük bir problemi üzə çıxarmışıq” deyən Tom Kirçmayerin sözlərinə görə, London Fond Birjasının İqtisadi Göstəricilər Mərkəzinin tədqiqatı ailədaxili zorakılıqlara rəvac verməmək üçün futbol matçlarını həftənin ara günlərində və axşam saatlarında keçirməyin daha münasib olduğundan xəbər verir.