Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.
Qazilər.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Davit Jotyanla üz-üzə gəlib.
Rəqibini 3:1 hesabı ilə məğlub edən Nihat Məmmədli 1/4 finala vəsiqə əldə edib. O bu mərhələdə Numan Bayramdan (Almaniya) qazanılan son xal prinsipilə üstün olub – 1:1. Onun yarımfinaldakı rəqibi Dinislam Bammatov (Rusiya) olacaq.
Həmçinin Həsrət Cəfərov (67 kq) Adam Pohileçi (Macarıstan) 8:0, Nikolay Dzezovu (Bolqarıstan) 11:3 hesabları ilə məğlub edib. Xasay Həsənli (72 kq) isə İvo Sviqlerə (Çexiya) 9:0 hesabı və İqor Botezə (Rumıniya) tuşe fəndi ilə qalib gəlib. Hər iki idmançımız yarımfinalda Gürcüstan güləşçiləri – Luka Oçiqava və Giorgi Çixikvadzeyə rəqib olub.