“Türkiyə üçün pis başlanğıc oldu. Sabah qalib gəlməyə çalışacaqlar. Amma bizim də yaxşı qapıçımız var. Əlimizdən gələni edəcəyik”.
Qol.az xəbər verir ki, bu sözləri Uels millisinin baş məşqçisi Robert Peyc Avro-2020-nin A qrupunun 2-ci turunda sabah Bakıda Türkiyə yığması ilə qarşılaşacaqları oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Türkiyə millisinin yaxşı komanda olduğunu bildirən mütəxəssis matçın onlar üçün çox çətin olacağını qeyd edib: “Bunu düşünərək yaxşı hazırlıq keçmişik. Çətin olsa da, qarşıdakı iki oyundan 4 xal yığmaqla qrupdan çıxa bilərik. Türkiyə millisinə qarşı oyun planımız var. Bununla onlara problem yaşada bilərik. Onların İtaliya ilə matçını izləmişik. Həqiqətən də çox yaxşı bir komandaya qarşı oynayacağıq. Rəqibə böyük hörmətimiz var. Bizim komandamızda da onların güclü tərəflərini zərərsizləşdirə biləcək oyunçular var. Stadionda 30 min türk azarkeş olacaq. Sabah həm də onlara qarşı oynayacağıq. Heyətimizdə bəzi dəyişikliklər ola bilər”.
Peyc Bakıda havanın isti olduğunu, ancaq bunun öhdəsindən gəlməli olduqlarını da bildirib.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.