Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro təmsilçisi “Rudar”la cavab oyununa çıxıb. QAZİLER.AZ saytı Apasport.az saytına istinadla bildirir ki, öz meydanında keçirilən ilk görüşdə qolsuz heç-heçəyə imza atan Ağdam klubu bu dəfə səfərdə rəqibi ilə münasibətlərə aydınlıq gətirib.
İlk dəqiqələrdən hücuma atılan Ağdam təmsilçisinin bütün cəhdlərinə baxmayaraq, ilk yarıda hesabı açmaq mümkün olmayıb. İkinci hissədə də hücum edən “Qarabağ”, müdafiə olunan isə ev sahibləri olub. Təmsilçimizin bu təzyiqi, nəhayət, bəhrəsini verib. Oyunun 57-ci dəqiqəsində Ansi Aqollinin sol cinahdan ötürməsini tək toxunuşla tora qovuşduran Reynaldo hesabı açıb.Matçın gedişində hər iki komandanın bir neçə dəfə cəhdi olsa da oyunda başqa qol olmayıb. Beləliklə, səfərdə qalib gələn Qurban Qurbanovun yetirmələri növbəti mərhələyə yüksəliblər.
III mərhələdə rəqib Şotlandiyanın “Seltik” klubu olacaq.