Aprelin 24-də “Champions Chess Tour” onlayn şahmat seriyasının beşinci mərhələsi start götürəcək.
Qazilər.az xəbər verir ki, 16 şahmatçının mübarizə aparacağı turnirdə Azərbaycan təmsilçisi Teymur Rəcəbov da iştirak edəcək. Ötən 4 mərhələnin yekunlarına görə şahmatçımız 108 xalla 3-cü yerdə qərarlaşıb. Turnirdə şahmatçımızla yanaşı, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, Niderland təmsilçisi Aniş Giri, rusiyalı Yan Nepomnyaşi, fransalı Maksim Vaşye-Laqrav, ermənistanlı Levon Aronyan iştirak edəcəklər. Yarışın digər iştirakçılarının adı isə bir müddət sonra müəyyənləşəcək.
Turnirdə seriyanın dördüncü mərhələsində iştirak etmiş Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da çıxış edə bilər.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin qalibi olub, seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.
AZƏRTAC