Kolleclərə qəbul imtahanları bir mərhələdə keçiriləcək - QƏRAR

Kolleclərə qəbul imtahanları bir mərhələdə keçiriləcək - QƏRAR backend

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Qazilər.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçiriləcək.

Qəbul imtahanında abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim ediləcək.

Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişikliklə bağlı izahında deyilir:

"Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarını müəyyən edir. Bu Qaydalarda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulub.

Təhsilin hazırki inkişaf səviyyəsi, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübələri, eyni zamanda mövcud pandemiya şəraitində imtahan iştirakçılarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, xəstəliklərin geniş yayılmasının qarşısının alınmasının təmin edilməsi qəbul imtahanının bir mərhələdən ibarət olmaqla keçirilməsini zəruri edir.

Bununla əlaqədar, Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanınının bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutan qeyd olunan Qərarı qəbul olunub. Qərarda eyni zamanda, qəbul imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub".
Diaspora