SCPX layihəsi çərçivəsində Zəyəmçay vadisində Azərbaycan arxeoloqları (Ş.N.Nəcəfov, D.A.Kiriçenko, V.A.Əsədov) tərəfindən Orta-Son Tunc-İlk Dəmir dövrünə aid altı kurqan tədqiq edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, mərkəzi və Şərqi Avropa Onlayn Kitabxanası elektron sisteminin (CEEOL/Central and Eastern European Online Library) siyahısına daxil, Bioarxeoloji və Etnomədəni İrs İnstitutunun (Moldova/Rumıniya) dərgisi olan «Revista de Arheologie, Antropologie şi Studii Interdisciplinare» (RAASI, №2, 2020) elmi jurnalınıda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitri Aleksandroviç Kiriçenkonun ingilis dilində “Zəyəmçaydan (Azərbaycan) tapılan Orta Tunc dövrü rapira-qılıncı” (The rapier-sword of The Middle Bronze Age from Zayamchay (Azerbaijan)) adlı elmi məqaləsi dərc edilib.2016-cı ildə Cənubi-Qafqaz boru kəmərinin genişləndirilməsi (The South Caucasian Pipeline Expansion project/SCPX) üzrə torpaq işləri zamanı ağır inşaat texnikası təsadüfən bir kurqanı aşkar edir. Kurqanın örtüyündə tunc rapira formalı qılınc tapıldı. Başda D.A.Kiriçenko olmaqla AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya dəstəsi kurqanda arxeoloji qazıntılara başladı.
2 saylı kurqan kimi qeyd edilən abidə Şəmkir rayonunun ərazisində Düyərli kəndi yaxınlığında Zəyəmçay kəndinin sağ sahilində yerləşmişdi. İlk dəfə Zəyəmçay vadisindəki kurqanlar tarix elmləri doktoru, professor N.Müseyibli tərəfindən arxeoloji kəşfiyyat işləri zamanı 2000-ci illərin əvvəlində aşkar olunaraq Azərbaycanın arxeoloji abidələr reyestrinə daxil edilmişdir.
SCPX layihəsi çərçivəsində Zəyəmçay vadisində Azərbaycan arxeoloqları (Ş.N.Nəcəfov, D.A.Kiriçenko, V.A.Əsədov) tərəfindən Orta-Son Tunc-İlk Dəmir dövrünə aid altı kurqan tədqiq edildi.
BP şirkətinin maliyyə dəstəyi ilə Mayamidəki (ABŞ) Beta laboratoriyasında aparılmış radiokarbon analiz əsasında qeyd edilən kurqan e.ə. XVII əsrlə tarixlənərək, onun Orta Tunc dövrünə aid olduğu müəyyənləşdi.
Zəyəmçay kurqan qrupunun 2 saylı kurqanından aşkar edilmiş tunc rapiranın uzunluğu 99 sm, çiyinlərinin eni 5 sm, mövcud saplaq hissəsinin uzunluğu 4.4 sm idi. Saplağın ortasında dəstəyə bərkidilmək üçün 0.5 sm diametrində dəlik vardır. Qılıncın tiyəsi nazikdir, iti ucuna doğru daralır, hər iki tərəfindən tiyə boyunca uzanan mərkəz beli qabarıqdır, tiyənin ülgüc hissəsi itilənmişdir.
Zəyəmçay tapıntısından fərqli olaraq, rapira-qılınclar Azərbaycan ərazisində ilk dəfə XIX əsrdə Talış dağları zonasında aşkar edilmişdilər, amma onlar Azərbaycanın cənub regionlarındakı tapıntılar kimi sonrakı dövrə (Son Tunc - İlk Dəmir) aiddirlər.
Ümumilikdə, Cənubi Qafqaz ərazisində bu günədək Orta Tunc dövrünə aid 18 rapira-qılınclar aşkar edilib. Rapira tipli qılıncların yayılma arealı əsasən Cənubi Qafqazın mərkəzi hissəsində cəmləşmişdir.
Qeyd etmək lazımdır ki, Zəyəmçaydan tapılmış rapira-qılınc cari dövr üçün Azərbaycan ərazisində Orta Tunc dövrünə aid hələki yeganə nümunədir.