“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Cabbar bəy Vəlibəyov

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Cabbar bəy Vəlibəyov backend

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti siması görkəmli maarif xadimi Cabbar bəy Vəlibəyovdur. O, 1893-cü ildə Ağdamın Birinci Baharlı kəndində anadan olub.

Cabbar bəy Vəlibəyov 1913-cü ildə təhsilini başa vurub doğma kəndinə qayıtdıqdan sonra öz evində məktəb açaraq müəllimlik edib. Dərs dediyi şagirdlərə ərəb və rus dilləri, tarix, riyaziyyat, Azərbaycan ədəbiyyatını öyrədib. Ehtiyacda olan yoxsulların dərsə marağını artırmaq məqsədilə onları məktəb ləvazimatı ilə təmin edən Cabbar bəy gördüyü işlər sayəsində Birinci Baharlı kəndində yeni tipli məktəbin əsasını qoyub.

Onun yaratdığı məktəbdə sonralar Azərbaycanın müxtəlif sahələrində mütəxəssis kimi fəaliyyət göstərən insanlar təhsil alıblar. Müəllim adını şərəflə daşıyan Cabbar bəy sovet dövründə Xalq Maarif Komissarlığının qərarı ilə Birinci Baharlı kənd məktəbinin müdiri işləməklə yanaşı, pedaqoji fəaliyyətini Ağdamın Qiyaslı, Güllücə və başqa kəndlərində də davam etdirib. O, 1937-ci ilədək Ağdam rayonu Birinci Baharlı kənd məktəbinin müdiri olub.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində bu torpaqda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.
Diaspora