Son günlər orta məktəblərdə onlayn dərslərdə iştirak etməyəcək şagirdlərin məktəbdən qovulacağı ilə bağlı iddia səsləndirilir. Bunun oktyabrın 1-dən Virtual məktəb layihəsi tətbiq ediləcəyi gündən qüvvəyə minəcəyi və dərslərdə iştirak etməyən şagirdlərə yazılacaq qayiblə onların məktəbdən uzaqlaşdırılacağı izah edilir. Həta bu barədə Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat” ında da qeyd edildiyi vurğulanır.
Qazilər.az xəbər verir ki, məsələ ilə bağlı TurpKimi.com-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu, ali təhsil müəssisələri ilə bağlı olan bir məsələdi:“Orta məktəblərlə bağlı qayib məsələsində belə bir hal yoxdur. Ali təhsil müəssisələrində qayib limiti var. Tədrisin 30 faizində onlayn dərslərdə iştirak etməyənlər həmin semestr üçün həmin dərsdən kəsilmiş hesab ediləcəklər. Orta ümumtəhsil müəssisələri ilə bağlı isə belə bir normativ qayda yoxdur. Çünki orta məktəblərdə 1,6 milyon şagird var, amma ali məktəblərdə isə rəqəm ondan 10 dəfə azdır. Yəni cəmi 180 min tələbəmiz var. Həm şagirdlə tələbənin texniki imkanları müqayisə oluna bilməz. Bəli, 1-ci sinif şagiridinin planşeti, telefonu olmaya, internetə çıxışında problemi ola bilər, amma ali məktəbdə oxuyan üçün bu, problem hesab olunmur. Məlum məsələdi, kasıb, aztəminatlı ailələr var, amma böyük əksəriyyətinin bu imkanı olduğundan ali təhsil müəssisələri ilə bağlı onlayn dərslərə qoşulmaqda limit məsələsi tətbiq edilib və Nazirlər Kabinetinin müvəqqəti qaydalarında bu öz əksini tapıb. Amma həmin qayda orta məktəblərə aid deyil. Şagirdlərin bir sinifdən digər sinfə keçirilməsi və ya sinifdə saxlanılması qaydalarında da belə bir hal nəzərdə tutulmayıb. Ümumiyyətlə, orta məktəblərlə bağlı hər hansı qayib limiti nəzərdə tutulmur.
İnternet və digər səbəblərdən dolayı onlayn dərslərə qoşula bilməyənlərlə bağlı Kamran Əsədov bunları deyib:
“Dövlət iki növ təhsil forması tətbiq edib: ya məktəbə gəl, ya da onlayn dərslərə qoşul. İkisindən birini seçməlisiniz. Mən övladımı nə məktəbə, nə də onlayn dərslərə qoyuram, onları müəllim yanına qoymuşam. Mənə lazım olan onların bilikləridi, onsuz da hazırlıq kursları uşaqlara hər şeyi tədris edir.Yenə də deyirəm, orda heç bir problem yoxdur, heç kim deyə bilməz ki, niyə məktəb və ya onlayn dərslərə qoymursan? Çünki valideynlər qorxur, virus var və məlum olduğu kimi hər kəsin internetə çıxışı yoxdu. Bununla bağlı heç bir problem yoxdur, nəzərdə də tutulmur”.