Qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.
Qaziler.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olanlar artıq ixtisas seçimi ediblər. Belə ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara qəbul olunub. Respublika fənn olimpiadasının qalibi olan 10 nəfər isə müvafiq fənnə aid seçə biləcəyi ixtisaslara müsabiqədənkənar qəbul olmaqdan imtina edib və qəbul imtahanından topladıqları bal əsasında müsabiqədə iştirak edəcək.Bundan əlavə, 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.