Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq.
Sentyabrın 25-nə kimi isə ali məktəbə qəbul olunanların adları açıqlanacaq.Şübhəsiz ki, bu il də dövlət ali məktəblərinin ödənişli ixtisaslarına qəbul olunacaq bəzi tələbələr təhsil haqqından azad olunacaqlar. Bəs onlar kimlərdi?
Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov təhsil haqqını ödəməkdən azad olunan şəxslərin siyahısınə dərc edib.
Siyahını diqqətinizə çatdırırıq:
1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu (3 sentyabr 1993-cü il tarixli 697 nömrəli) Şəhid ailəsi statusunu almış ailənin üzvləri dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatda - Azərbaycan Milli Elmlər Akademiyasında ödənişli formada təhsil aldıqda təhsil haqqını ödəməkdən azad olunurlar.
2. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli) Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın - Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın - Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
3. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasəviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
4. “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
5. “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarı Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
1. ünvanlı dövlət sosial yardımı alanlar;
2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlil olan şəxslər, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanlar.
P.S. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il Sərəncamında qeyd olunur:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
Qaziler.az