Xüsusi karantin rejimi dövründə təhsilalanlara dair tələblər açıqlanıb.
Qazilər.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib.Qeyd edilib ki, təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.
Təhsilalan müəssisəyə daxil olarkən və müəssisə daxilində sosial məsafə gözlənilir. Şəxsi gigiyena qaydalarına (o cümlədən mütəmadi əlləri yumaq) əməl edilir.
Dərs (məşğələ) müddətində təhsilalan, onun üçün müəyyənləşdirilmiş yerdə oturur. Təhsilalan digər təhsilalanlara aid əşyalara toxunmur.
Təhsilalan özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə özü və ya valideynləri və ya digər qanuni nümayəndələri dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir.
Dərs (məşğələ) müddətində təhsilalanın bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların tələblərinə uyğun tədbirlər görülür.
COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcrid olunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş nümunələrinin cavabları aşkarlananadək, təhsilalanların təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.