Kamran Əsədov: “İnternetə çıxış imkanları məhdud olan ərazilərdə yaşayan şagirdlərin nəticələri daha aşağı olub”
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı verən, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün II və III ixtisas qrupları üzrə avqustun 14-də, I və IV ixtisas qrupları üzrə isə avqustun 21-də keçirilmiş əlavə imtahanların (Azərbaycan və ya rus dili) nəticələri elan edilib.İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biliblər.
Bəs pandemiya dövrünün abituriyentləri builki qəbul imtahanlarında necə nəticə göstərib?
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə qeyd edim ki, Dövlət İmtahan Mərkəzi müxtəlif vaxtlarda dövlət təhsilin bir çox pillələri üzrə dövlət imtahanları həyata keçirir. Əvvəlki illərlə müqayisədə müşahidə edirik ki, pandemiya dövründə abituriyentlərin imtahan nəticələri müxtəlif səpkidədir. Belə ki, əgər əvvəllər paytaxtda yerləşən məktəblərin nəticələri yüksək idisə, pandemiya dövründə hazırlıq kurslarına, repititorların fəaliyyətinə qoyulan məhdudiyyət qəbul imtahanlarının nəticələrinə birbaşa təsir göstərib. Onlayn qaydada internetə çıxış imkanları məhdud olan ərazilərdə yaşayan şagirdlərin imtahan nəticələri daha aşağı olub. Amma sərt karantinin olmadığı ərazilərdə yaşayan və hazırlıq kurslarının, repititorların xidmətindən istifadə edə bilən məktəblilər digərləri ilə müqayisədə daha yaxşı nəticə göstəriblər.
DİM də xüsusilə rus bölməsində təhsil almış abituriyentlər üçün bir neçə imtahan təşkil edib. Təəssüf ki, DİM-in yaratdığı şəraitdən bir çox hallarda şagirdlər yetərincə yararlana bilməyib. Məsələn, tədris dili Azərbaycan dili olmayan abituriyentlər birinci mərhələdə zəif nəticə göstəriblər, həmçinin ikinci mərhələdə də imtahan nəticələri qeyri-məqbul olub. Bu da çox təəssüfləndirici haldır. Digər imtahan nəticələri 9-cu sinif buraxılış imtahanları ilə bağlıdır. Onların nəticələri kifayət qədər yaxşı olub. Eyni zamanda DİM bir neçə beynəlxalq imtahan da keçirib və onların hər biri onlayn qaydada keçdiyi üçün imtahan nəticələri onu göstərir ki, abituriyentlər əvvəlki illərlə müqayisədə zəif nəticə göstəriblər. Avqustun 13-14-də II və III ixtisaslar üzrə keçirilən imtahanların da nəticələrinə baxanda görürük ki, 2019-cu ildə əgər 700 bal toplayan abituriyent olmamışdısa, amma bu il 700 bal toplayan abituriyent var. Bu isə ötən illə müqayisədə imtahanların təşkilinin artıq təkmilləşdiyini göstərir. Beləliklə, artıq abituriyentlər yeni imtahan modeli ilə tanışdırlar və bu da birbaşa onların maksimum nəticə göstərməsinə imkan verir. Artıq bundan sonrakı prosesdə I-IV ixtisas qrupları üzrə imtahan vermiş şəxslərin sentyabrın 5-6-da imtahan nəticələrinin elan olunacağı gözlənilir. Daha sonra isə ən çətin - ixtisas seçimi mərhələsi gəlir. Sentyabrın 10-dan etibarən ali təhsil müəssisələrinə, eyni zamanda qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul olunmaq istəyənlərin ixtisas seçim mərhələsi başlayacaq. Bu zaman abituriyentlər 15-ə yaxın ixtisas seçib, topladığı ballar əsasında qəbul olunmaq imkanına malik olacaqlar. Ümumiyyətlə isə bizi tam maraqlı yeni bir qəbul ili gözləyir".