“Hazırda tədris müəssisələrində tədrisin təşkili, məktəblilərin və tələbələrin tədris prosesində iştirakının bütün detalları müzakirə edilir”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.O bildirib ki, qəbul ediləcək qərarlar qorunma tədbirlərinə əməl etməklə yoluxma sayının artmamasına yönələcək: “Misal olaraq, ibtidai sinif şagirdləri əgər məktəbə gedirsə, onun sağlamlığının hansı qaydada tənzimlənməsi qəbul ediləcək qərar əsasında müəyyən olacaq. Tədris elə təşkil olunmalıdır ki, qorunma tədbirlərindən kənara çıxılmasın. Yaxın günlərdə yəqin ki, yekun qərar eşidiləcək. Təhsil Nazirliyi ilə birlikdə bu qərar tənzimlənəcək. Məqsədimiz yoluxma sayının artmamasıdır. Bütün tədbirlər də buna doğru istiqamətlənib".
"Məktəblərin açılması payız mövsümünə təsadüf etdiyindən çalışmaq lazımdır ki, yoluxma sayında ciddi artım olmasın. Ona görə də ümumtəhsil müəssisələrinin hamısının əyani formada fəaliyyət göstərməsi mümkün deyil. Bu zamanla olacaq prosesdir”, - TƏBİB rəsmisi əlavə edib.