Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ

Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ backend

Azərbaycanda karantin rejimi qismən yumşaldılsa da, bir çox sahələrlə bağlı qadağalar hələ də qalmaqdadır.

“Yeni Sabah” xəbər verir ki, hələlik iri ticarət mərkəzlərinin fəaliyyətinə, toy və yas mərasimlərinin təşkilinə, qapalı məkanlarda kafe və restoranların işləməsinə və s. icazə verilməyib.

Sərt karantin tədbirlərinin davam etdiyi bir vaxtda sosial şəbəkədə qadağaların hansı tarixdə ləğvi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Toy və yas mərasimlərinin təşkili ilə bağlı qadağanın noyabra qədər davam etməsi, həm də təhsil mərkəzlərinin də eyni vaxta qədər bağlı qalması ilə əlaqələndirilir.

Məhz Məhərrəm ayı bitdikdən sonra toy və yaslara müəyyən şərtlərlə icazələrin veriləcəyi, elə həmin vaxtda dərslərin başlayacağı və ənənəvi təhsilə ölkə üzrə icazə veriləcəyi təxmin olunur.

Ölkə üzrə təhsilin noyabr ayında başlaya biləcəyi ilə bağlı fikirlərə münasibət öyrənmək üçün Təhsil Nazirliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov baku.ws-ə bildirdi ki, bu məlumatlar həqiqəti əks etdirmir:

"Bunlar hamısı yanlış məlumatlardır. Vətəndaşlarımızın rəsmi xəbərlərə inanması daha doğru olardı. Bu tip fikirlər insanların fantaziyasının məhsuludur.

Dərslərin konkret nə vaxt başlayacağı ilə bağlı müvafiq işlər gedir. Yaxın müddət ərzində bununla bağlı rəsmi qərar açıqlanacaq".

Qeyd edək ki, Azərbaycanda dərslər həm ənənəvi məktəb, həm onlayn dərslər, həm də hibrid formada keçirilə bilər. Hazırda bunların dəyərləndirilməsi və yekun qərarın verilməsi ilə bağlı rəsmi qurumlarla müzakirələr aparılır.
Diaspora