Azərbaycanda kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif qapılardan daxil olmasının təmin edilməsi üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilə bilər.
“Report” xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinə yerli təhsil şöbələrindən təkliflər daxil olub.Qeyd olunub ki, məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilməli, şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilməli, lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunmalıdır:
"Dərs başlayarkən məktəbdə heyət müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunmalı, bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın. Qapıda termometr və dezinfeksiya aparatı qoyulmalı, hər kəs ondan məcburi istifadə etməlidir.
Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunmalıdır. Risk qrupu altında olan müəllimlər və digər işçilər işə cəlb edilməməli, onların dərsləri onlayn keçilmə mümkün olmadıqda, əvəzçilik qaydasında digər müəllimlərə həvalə edilməlidir. Mümkün olan hallarda onlayn cədvəllər hazırlanmalıdır. Davamiyyət məcburi olmasın, məktəb daxilində şagird hərəkəti lazımi sosial məsafəni gözləməklə təşkil edilməlidir".
Qeyd edək ki, koronavirus pandemiyasına görə orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb, tədris yalnız onlayn qaydada aparılıb.