2020-2021-ci il tədris ili üçün məktəbli formalarının tikilməsinə hələ başlanılmayıb.
Qazilər.az xəbər verir ki, bu barədə məlumatı Cebhe.info-ya "Bakı Tikiş Evi"nin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.Yeni tədris ilində təhsil müəssisələrinin açılmasının sual altında olduğunu əsas gətirən müəssisə rəsmisi məktəbli formalarının tikilməsini müvəqqəti dayandırdıqlarını deyib. Həmçinin yeni məktəbli geyimləri ilə bağlı rəsmi qərarın verilmədiyini də bildirib:
“Hələlik məktəbli formaları tikmirik. Çünki anbardakılar satılmayıb. Məktəblərin açılması hələ sual altındadır. Nə vaxt açılacağı da bilinmir. Kifayət qədər material və ləvazimatlarımız var. Lazım olan kimi tikəcəyik. Bizim buna gücümüz yetir. 5 seximiz və 800 işçimiz var. Gün ərzində 1000 ədəd məktəbli forması tikə bilirik. Amma anbarımızda və mağazalarda köhnə məktəbli formalarından qalıb, əlavə tikib anbara yığmağın mənası yoxdur. Yeni məktəbli formaları ilə bağlı məsələ də açıq qalıb. Gözləyirik, görək bu məsələlər necə olacaq".
Qeyd edək ki, bu il fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair ilk müzakirələr keçirilib. Məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif olunub.
Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürüb və bununla bağlı ictimai rəy öyrənilib. İctimai rəylə bağlı nəticələr bu günə qədər ictimaiyyətə açıqlanmayıb.
Layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Yeni məktəbli forması ilə bağlı son qərar hələ verilməyib.