Bu gün buraxılış imtahanları keçiriləcək

Bu gün buraxılış imtahanları keçiriləcək backend

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

Qaziler.az bildirir ki, DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Qeyd edək ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Qeyd edək ki, ümumilikdə Dövlət İmtahan Mərkəzi tərəfindən 10 və 11 iyun 2020-ci il tarixlərində respublikanın 39 şəhər və rayonunda:

• 9-cu sinif üzrə buraxılış imtahanları;

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci sinif cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 6 şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 1-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Xatırladaq ki, imtahanlarının keçirilməsi üçün 39 şəhər və rayonda ümumilikdə 197 imtahan binası, 3284 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.

İyunun 10-da keçiriləcək imtahanlarda 25597, iyunun 11-də keçiriləcək imtahanlarda isə 17021 nəfər olmaqla, ümumilikdə 42618 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
Diaspora