Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə iyunun 18-də və 19-da keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki müəyyən olunub.
DİM-dən bildirilib ki, digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəiçi günlərində keçiriləcək.Qeyd edək ki, hər hansı səbəbdən 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
Xatırladaq ki, 10, 11, 18, 19 iyun tarixlərində şəhər və rayonlara uyğun:
• 9-cu sinif üzrə buraxılış imtahanları;
• 11-ci sinif üzrə buraxılış imtahanları;
• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;
• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
İyunun 10-da və 11-də keçiriləcək imtahanlar üçün “İmtahana buraxılış vərəqəsi” DİM-in saytına yerləşdirilib. İyunun 18-də və 19-da keçiriləcək imtahanlar üçün “İmtahana buraxılış vərəqəsi” hər imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Qeydlər:
-Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
-Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.
-Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
-Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcək.