“Cərimə siyasəti rəsmi qurumlara yönəlməlidir, ayrı-ayrı şəxslərə deyil”

“Cərimə siyasəti rəsmi qurumlara yönəlməlidir, ayrı-ayrı şəxslərə deyil” backend

“Nazirlər Kabinetinin nəzdində terminologiya komitəsi yaradılmalıdır”

Milli Məclisin bu gün keçirilən iclasında kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərin yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərin üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslərin isə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı qanun qəbul edilib.

Maraqlıdır, dövlət dilinin normalarının pozulmasına görə cərimə siyasətinin tətbiqi dilin təmizliyinin qorunmasına həqiqətən də töhfə verə bilərmi?

Moderator.az-a açıqlama verən məşhur türkoloq, filologioya elmləri doktoru, sabiq təhsil naziri, professor Firudin Cəlilov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Doğrusu, hələ ki, bu qanunla tanış olmamışam. Ancaq təbii ki, rəsmi mətbuatda, qəzetlərdə dilin orfoqrafik qanunları, təmizliyi qorubnalıdır. Bakının küçələrini gəzəndə görürsən ki, öz dilimizdə 1-2% söz var. Qalan sözlə ingiliscə, italyanca, almanca, rusca və s. dildə olan sözlərdir. Yəni reklamlardakı bu problemlərə diqqət yetirmək lazımdır. Dilin təmizliyi qorunmalıdır.

Nazirlər Kabinetinin nəzdində terminologiya komitəsi olmalıdır. Oğrudur, Dilçilik İnstitutunda bu var, amma onların səlahiyyəti azdır. Bu, dövlət səviyyəsində olmalıdır. Dilə yeni daxil olan sözlər müzakirə edilməli, qərar verilməlidir ki, bu sözü işlətmək olar, yoxsa yox. Yaxud bu sözü hansı sözlə əvəz etmək olar. Ermənistanda Nazirlər Kabineti nəzdindəki bu komiyə nə edir? Texnologiya ilə bağlı dilə yeni bir söz gələndə uzmanlar yığışıb müzakirə edir ki, bunu belə də qəbul edək, yoxsa dilimizdə bunun qarşılığını tapaq? Hər sözün üzərində ciddi müzakirə gedir və o sözə “pasport” veriləndən sonra o, dilin rəsmi lüğətinə daxil olur. Əgər bizdə qəbul edilən qanunda bu yöndə yeniliklər varsa, dilin təmizliyini qoruyan qurumların səlahiyyəti artırılırsa, bu, faydalıdır. Yəni bu problem sadəcə cərimə ilə düzələ bilməz.

Ikincisi, tutaq ki, mən kitab yazıram. Orada türk dilinin qanunlarında yanlış saydığım sözləri o cür deyil, öz bildiyim kimi yazıram. Deyək ki, hər hansı bir sözün iki “y” ilə yazılması qəbul edilib. Lakin axı bu qanun qəbul ediləndə mənim kimi uzmanın fikri nəzərə alınmayıb. Mən də buna etiraz olaraq bunu bir “y” ilə yazıram. Buna görə kiminsə məni cərimələmək ixtiyarı yoxdur. Çünki dili bu qanunu yazanlar pozur, mən pozmuram. Mən əksinə, dilin təmizliyini qoruyuram. Xalq bunu necə tələffüz edirsə, necə görmək istəyirsə, mən də o variantı yazıram. Mən bunu misal olaraq çəkdim.

Rəsmi idarələri cərimələmək olar. Yaxud dərsliklərdə dilin normaları pozulubsa, dərsliyi buraxan qurum cəzalandırıla bilər. Lakin bu, ayrı-ayrı şəslərin cəzalanmasına yönəlməməlidir”.
Diaspora