Gənc azərbaycanlı alim xərçəngə qarşı yeni dərman hazırlayıb

Gənc azərbaycanlı alim xərçəngə qarşı yeni dərman hazırlayıb backend

Çikaqo Universitetinin (University of Chicago) alimləri xərçəngə qarşı yeni immunopreparat hazırlayıblar.

Qazilər.az bildirir ki, immunoterapiya bədənin ağ qan hüceyrələrini, əsasən də T limfositlərini, xərçəngə qarşı aktivləşdirən innovativ müalicə növüdür. İnterlikin-12 (IL-12) T limfositlərinin böyümə və differensiyasına səbəb olan zülaldır və xərçənglə mübarizədə böyük potensiyala malikdir. Lakin, bu zülalın bir sıra yan təsirləri mövcud olduğundan insanlarda tədbiqi mümkünsüz idi. Alimlər, IL-12 zülalını genetik yolla dəyişdirib, onu sağlam orqanlara deyil, məhz xərçəng hüceyrələrinə yönəltməyə nail olublar.

Bu texnologiya IL-12 zülalının effektivliyini qat-qat artırıb, yan təsirlərini tamamilə aradan qaldırıb.Bu tədqiqat, biomühəndislik və biotexnologiya sahəsində ən prestijli jurnallardan biri olan, Nature Biomedical Engineering jurnalında çap olunub.

Qeyd etmək lazımdır ki, öncəki tədqiqatlarda bu immunopreparat, toksikliyinə görə, birbaşa şiş nahiyyəsinə yeridilib. Bu isə, xərçəng xəstələri üçün bir sıra fəsadlara gətirib çıxarıb. Yeni tədqiqatda, IL-12 molekulu qan dövrani sisteminə (venadaxili) yeridilib xərçəng hüceyrələrinə yüksək effektivliklə təsir göstərir və, həmçinin, IL-12 immunopreparatının toksikliyini dəfələrlə azaldır. Alimlər qeyd olunan molekulu bir il ərzində müxtəlif xərçəng növləri (dəri, süd vəzi, ağ ciyər) daşıyan siçanlarda yoxlayıblar və müalicəni alan sıçanların böyük hissəsi xəstəlikdən tamamilə sağalıb. Digər tərəfdən, xərçəngə qarşı ənənəvi mübarizə yollarından olan kimyəvi və şüa terapiyaları, eyni xərçəng növlərini daşıyan sıçanlarda heç bir təsir göstərməmişdir. Bu, tədqiqatçıların hazırladığı immunopreparatın standart müalicələrdən üstün olduğunu göstərir. Elmi qrupun üzvləri yaxın zamanda IL-12 preparatını insanlarda yoxlanılması barədə öz planlarını açıqlayıblar.

Qeyd edək ki, elmi təcrübələri yerinə yetirən və məqalənin birinci müəllifi, həmyerlimiz Aslan Mansurovdur. Aslan Mansurov hal-hazırda Çikaqo Universitetinin molekulyar mühəndislik fakültəsinin doktorant tələbəsidir. Aslanın elmi qrupunun rəhbəri Jeffrey Hubbell (link), bioloji materiyallar və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. Jeffrey Hubbell ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur.

Aslan Mansurov 2013-cü ildə “Qafqaz” Gimnaziyasını qızıl medalla bitirib. 2017-ci ildə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) kimya mühəndisliyi dərəcəsini fərqlənmə ilə bitirib və hal-hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) doktorantdır.

Diaspora