“İctimai Şura təhsil prosesi iştirakçılarının sağlamlıqlarının daha önəmli olduğunu əsas götürərək təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar təlim-tədris prosesində yaranmış fasilənin cari ilin mart ayının 27-dək təxirə salınmasını mövcud duruma adekvat qərar kimi qiymətləndirir.
İctimai Şura təhsil ictimaiyyətini hazırkı vəziyyətdə çaşqınlıq yaratmağa, əhalini gərgin psixoloji duruma gətirib çıxaran qeyri-peşəkar yanaşmalara və qeyri-rəsmi məlumatlara inanmamağa, onları yaymamağa, yalnız Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin, digər aidiyyəti dövlət orqanlarının və qurumların yaydığı rəsmi məlumatlara istinad etməyə çağırır.
Təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanması ilə təlim-tədris prosesində yaranmış geriliyin aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq ehtiyat variantları mövcuddur və bunun bir nümunəsi olaraq 10 mart 2020-ci il tarixindən başlayaraq “Mədəniyyət” kanalında tele-dərslərə start verilib”.
Müraciətdə deyilib ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən son məlumata görə, ölkəmizdə vəziyyət ciddi nəzarətdədir və aidiyyətı qurumlar virus təhlükəsinin genişlənməməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər. Buna baxmayaraq, İctimai Şura valideynləri yaranmış vəziyyətlə bağlı daha məsuliyyətli olmağa, uşaqlarına daha çox zaman ayırmağa, onları insanların çox olduğu kütləvi yerlərə buraxmamağa, şəxsi gigiyena qaydalarına ciddi əməl etmələrinə çağırır.