AMEA Arxeologiya ve Etnoqrafiya İnsititutunun əməkdaşı Əjdər Babazadə sentyabr ayında Türkiyə Respublikasının Mardin bölgəsində aparılan arxeoloji tədqiqatlarda iştirak etmişdir.
Qaziler.az bildirir ki, AMEA Arxeologiya ve Etnoqrafiya İnsititutunun əməkdaşı Əjdər Babazadə sentyabr ayında Türkiyə Respublikasının Mardin bölgəsində aparılan arxeoloji tədqiqatlarda iştirak etmişdir. Ezamiyyətin məqsədini Son Buzlaşma dövründə buzlaşmanın əhatə etmədiyi regionlarda mövcud mezolit mədəniyyətlərdən (epi-paleolit dövrü) Erkən Neolit dövrünə keçid mərhələsini və həmin dövrlərin daş alət istehsalının texno-tipoloji üsullarını öyrənmək təşkil edirdi.Qeyd edək ki, Mardinin Dargeçit rayonundan 15 km şərqdə və Şirnak rayonu sərhəddində Dəclə çayı üzərində İlısu SES-nin inşaatı zamanı aşkar edilən abidələrdə xilasetmə qazıntıları aparılır. Həmin abidələr arasında Boncuklu Tarla və Çemka kimi Erkən Neolit dövrü abidələri xüsusi önəmə sahibdir.
Çemka və Boncuklu Tarla Erkən Neolitin keramikaya qədər və erkən keramika dövrünün xronoloji mərhələlərinə (e.ə X-IX minilliklər) aiddir. Çemka və Boncuklu Tarla, Dəclə çayının sahilində yerləşir. Abidələrin yer aldığı ərazi, cənubdan əhəngdaşı, şərqdən isə bazalt suxurlu dağlar ilə əhatələnmişdir.
Araşdırmalar göstərir ki, Cənub-qərbi Asiyanın digər erkən məskunlaşmış abidələrində olduğu kimi, burada da yerli epi-paleolit əhalisinin qidalanma rasionunu hələ də yabanı, əhliləşməmiş heyvanların (donuz, keçi, qoyun, inək) ovçuluğu təşkil edirdi. Balıq ovu da mövcud idi. Belə ki, abidələrin daş istehsalını araşdıran professor Metin Kartal mikrolit alətlərin balıq ovunda da istifadə olunduğu qənaətindədir.
Çemka arxeoloji qazıntılarında, Erkən Neolitin ilk izləri olaraq dairəvi və çoxotaqlı evlər, Boncuklu Tarlada isə, keramikaya qədərki neolitdən keramikalı neolitə keçidi göstərən yarım dairəvi və dördkünc evlər aşkar olunmuşdur. Abidələrdə çaxmaqdaşı və obsidiandan hazırlanan mikrolit alətlər, ox və mizraq ucları (həndəsi, yarpaq, yarım ay formalı), qaşovlar, bizlər, kəsicilər, bıçaqlarla bərabər müxtəlif şəkilli nükleuslar və çox çeşidli alət tiplərinə rast gəlinmişdir.
Qədim əhalinin sosial-ictimai həyatı və inanc sistemləri ilə bağlı hələ ki, dəqiq fərziyyə və nəzəriyyə irəli sürmək mümkün olmasa da, abidələrdə daş, sümük və balıqqulağından bəzək əşyaları tapılmışdır.
Arxeoloji qazıntılara, Mardin Müzeyinin rəsmi rəhbərliyi altında Mardin Artuklu Universiteti Prehistorik arxeologiya fakültəsinin rəhbəri doktor Ergül Kodaş başçılıq edir. Fransanın Sarbonna Universistetinin məzunu olan doktor E. Kodaş daş alətlərin hazırlanması üsullarının tədqiqatını aparır.
Əjdər Babazadə abidələrdə aparılan arxeoloji qazıntılarda iştirakla yanaşı, doktor E.Kodaşla birlikdə daş alətlərin xammaldan alət hazırlanmasına qədər bütün texniki mərhələlərini ekspermental olaraq tədqiq etmişdir. Ekspermental olaraq hazırlanmış çaxmaqdaşı və obsidiandan nükleus və alət nümunələri Ə.Babazadə tərəfindən Azərbaycana gətirilib.
Mardində aparılan arxeoloji araşdırmalarda iştirak Əjdər Babazadənin tarix üzrə fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqatlarının bir hissəsini təşkil etməkdədir.