Bərdədə Qarabağ Dövlət Universitetinin yaradılması ideyası bir neçə dəfə Milli Məclisdə təklif olaraq səsləndirilsə də, sonradan bu məsələyə toxunulmayıb.
Görəsən, Qarabağ Dövlət Universitetinin yaradılmasının əhəmiyyəti nə ola bilər?Qarabağ Dövlət Universitetinin yaradılması ilə paytaxtdakı sıxlığı aradan qaldırmaq mümkündürmü?
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov mövzu ilə bağlı Modern.az-a deyib ki, ali təhsil müəssisəsi üçün ən mühüm strateji ünvanlardan biri Qarabağ bölgəsidir:
“Bu bölgədə həmişə müxtəlif məktəblər olub. Sovet dövründə Şuşada texnikum fəaliyyət göstərib. Bu gün isə Qarabağ bölgəsi işğal altındadır. Bərdədə Qarabağ Universitetinin yaradılması ideyasını ancaq alqışlamaq olar. Hesab edirəm ki, bu, əsaslandırılmış mövqedir. Bərdə həmişə mərkəz funksiyasını daşıyıb. İqtisadi və mədəni cəhətdən insanları birləşdirir. Bərdə bu gün də 100 mindən çox əhalisi olan rayondur. Ətraf rayonlarda Bərdənin əhalisi qədər məcburi köçkün məskunlaşıb. Hesab edirəm ki, universitetin orda açılması daha məqsədəuyğun olar”.
Elman Məmmədov qeyd edib ki, Qarabağ Universitetinin Bərdədə yaradılması gələcəkdə paytaxtdakı sıxlığı da aradan qaldıra bilər:
“Ümumilikdə, bütün təhsil ocaqlarının paytaxtda yerləşməsi paytaxtın yükünün çoxalmasına səbəb olur. Qarabağ bölgəsində yaşayan tələbənin Bakıya gəlməkdənsə, Bərdədə təhsil alması daha yaxşıdır. Qarabağ ətrafında qonşu rayonlar var ki, orada yaşayan ailə övladının Bakıda deyil, Bərdədə təhsil almasını istəyər. Bəziləri elə başa düşür ki, Qarabağ Dövlət Universitetinin yaradılması ancaq Qarabağla bağlı olacaq. Elə deyil. Sadəcə, universitetə Qarabağın adı verilir. Universitetdə müxtəlif fənlərin tədris olunması nəzərdə tutulur".