Bu gün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başa çatır.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, boş qalan yerlərə qəbul olunanlar sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini avqustun 20-də elan edib.
Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. I mərhələdən sonra isə ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunmuşdu. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 idi.
Beləliklə, hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43480 (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub. 17947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub
Qeyd edək ki, tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 %, 20 ali təhsil müəssisəsində 90%-dən, 9 ali təhsil müəssisəsində 80%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70%-dən çox dolub.