Goranboy rayonu ərazisində orta əsrlərə aid yaşayış yeri aşkar edilmişdir

Goranboy rayonu ərazisində orta əsrlərə aid yaşayış yeri aşkar edilmişdir backend

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tunc və ilk dəmir dövrü arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi “Naftalan-Goranboy arxeoloji ekspedisiyası” Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, tədqiqatlar zamanı qeyd olunan ərazidə kurqanlar və yaşayış yeri aşkar olunub. Orta əsrlər dövrünə aid olan yaşayış yeri Goranboy rayonunun Səfikürd kəndi ərazisində, təbii-coğrafi baxımdan çox əlverişli mövqedə yerləşir. Abidə Qarasu dərəsinin sol sahilində yerləşdiyindən Qarasu yaşayış yeri adlandırıldı. Ümumi sahəsi 3 ha-dan artıq olan yaşayış yeri relyef baxımından maili təpəlikdən ibarət düzənlikdir. Abidə şimaldan müasir kənd qəbristanlığı, cənub və qərbdən həyətyanı sahələr və əkin yerləri, şərqdən Qarasu dərəsi ilə əhatə olunmuşdur. Yaşayış yerində aparılan ilkin arxeoloji tədqiqatlar zamanı şirli və şirsiz saxsı qab nümunələri, əsasən əkinçilik təsərrfatında istifadə olunan daş əmək alətləri, şüşə və metal məmulatı, sikkə nümunələri və s. aşkar edilmişdir. Yaşayış yerinin üzərində bişmiş kərpic nümunələrinə rast gəlinir. Əldə edilən saxsı məmulatları formalarına, növlərinə, dekor rənglərinə və hazırlanma texnologiyasına görə fərqlənir. Saxsı qab nümunələri çəhrayı, boz, qırmızımtıl rəngdə hazırlanmışlar. Şirli saxsı qabların əksəriyyəti bir və ya daha çox rəng çalarlarından istifadə edilməklə naxışlanmışdır. Daha çox firuzəyi, qara, yaşıl, göy, qəhvəyi rənglərə üstünlk verilmişdir.

Müzəffər Hüseynovun bildirdiyinə görə, ilkin tədqiqatlar nəticəsində yaşayış yerinin X-XIII əsrlərə aid olduğu ehtimal edilir. “Gələcəkdə aparılacaq arxeoloji qazıntı işləri zamanı abidənin dövrü haqqında daha dəqiq məlumatın əldə ediləcəyinə ümid edirik” - deyə M.Hüseynov bildirmişdir.
Diaspora