“AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nəsimi ili”ylə əlaqədar beynəlxalq elmi konfrans keçiriləcək”.
Bu barədə AzEdu.az-a institutun direktor müavini Aygün Bayramova məlumat verib. O qeyd edib ki, “Ey Nəsimi, cahana çıxdı sözün” adlı ikinci elmi-beynəlxalq konfrans oktyabr ayına planlaşdırılır:“Türkiyə, Özbəkistan və digər türk dünyası ölkələrindən, Hindistandan, qonşu dövlətlərdən dəvət olunmuş alimlər beynəlxalq konfransımızda iştirak edəcəklər.
Həmçinin, şairin haqqında onun həyatı və yaradıcılığını əks etdirən monoqrafiya üzərində iş gedir.
Bir neçə gün əvvəl filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun “Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” monoqrafiyası da nəşr olundu. “Nəsimi ili” çərçivəsində həyata keçirəcəyimiz tədbirlərdən biri də yaxın vaxtlara planlaşdırdığımız dəyirmi masadır. İnanıram ki, bu və digər tədbirlərlə “Nəsimi ili”nə töhfəmizi verə biləcəyik”.