Buraxılış imtahanlarının dərslər başa çatmadan keçirilməsi narahatlıq yaradıb

Buraxılış imtahanlarının dərslər başa çatmadan keçirilməsi narahatlıq yaradıb backend

Bu il orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının tədris ili başa çatmadan keçirilməsi bəzi valideynlərdə narahatlıq yaradıb.

Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, 9-cu siniflərin buraxılış imtahanlarının birinci mərhələsi şəhər və rayonlardan asılı olaraq, 3, 10 və 17 mart tarixlərində, ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək. 11-ci siniflərin buraxılış imtahanı isə 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, valideynləri narahat edən məsələ isə məktəbdə dərslər başa çatmamış buraxılış imtahanlarının keçirilməsi ilə bağlıdır.

Məsələyə Dövlət İmtahan Mərkəzindən münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib ki, həm 9, həm də 11-ci siniflərin buraxılış imtahanlarında istifadə olunan materialların məzmunu abituriyent və şagirdlərin məktəbdə keçdikləri dərs proqramına uyğun hazırlanıb. Məktəblərdə dərslər iyunun 15-də bitməsinə baxmayaraq, aprelin əvvəlində tədris proqramı tam yekunlaşır. 11-ci sinif şagirdlərinin buraxılış imtahanları isə aprelin 7-dən başlayır.

Qurum rəsmisi bildirib ki, birinci mərhələdə buraxılış imtahanı verəcək 9-cu sinif şagirdlərinin də narahat olmalarına əsas yoxdur. Çünki imtahanda onlara təqdim ediləcək tapşırıqların hazırlanmasında ancaq keçdikləri dərs proqramından istifadə olunacaq.

Qeyd edək ki, 9-cu sinif buraxılış imtahanlarında şagirdlərə ümumlikdə 90 sual, 11-ci sinif buraxılış imtahanlarında isə 85 tapşırıq təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Diaspora