Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Yunanıstanın Saloniki şəhərinin Beynəlxalq Ellin Universitetində bir qrup Azərbaycan alimi elm mübadiləsi üzrə fəaliyyət çərçivəsində elmi tədqiqat aparmışlar.
Xatırladaq ki, layihənin Azərbaycan üzrə milli koordinatoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri t.ü.f.d. Zaur Həsənovdur.Layihənin 2018-ci il üzrə ilk tədbirləri aprel ayının 19-dan 21-nə kimi Beynəlxalq Ellin Universitetində keçirilmişdi. Aprelin 19-da Zaur Həsənovun iştiraki ilə layihənin orta-rüb hesabat seminarı keçirildi. Seminarı professor Karl Kayzer və onun həmkarı doktor Dominik Gutmeyr aparırdılar. Seminarda Horizon 2020 Maria Skladovska Küri proqramı layihələri üzrə məsləhətçi Adam Valenndzik milli koordinatorların hesabatlarını qəbul etdı.
Aprelin 20-21 tarixində Beynəlxalq Ellin Universitetində layihənin "İnstitutların yaranması və xarici hakimiyyət altında tədqiqatlar" adlı konfransı keçirildi. Zaur Həsənov konfransın “Azərbaycan və Qərbi Avropa arasında maarifləndirmə fikirlərinin mübadiləsi” bölməsinin moderatoru qismində iştirak etmişdi. Həmin bölmədə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun üç əməkdaşı da iştirak etmişlər. Tarix üzrə elmlər doktoru İradə Bağırova “XX-ci əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatı”, t.ü.f.d. Nərgiz Axundova “XIX əsrdə Azərbaycan maarifçilərinin şərqşunaslıq tədqiqatlarına töhfəsi”, t.ü.f.d. Şamil Rəhmanzədə isə, “Avropa Yeni çağının fikirlərinin Azərbaycanda modernləşdirici ictimai fikirə təsiri (XIX əsr)” mövzuları ilə çıxış etmişlər.
2018-ci il 7-10 iyul tarixlərindən etibarən Arxeologiya və Etnoqrafiya İnstitutunun iki əməkdaşı: Zaur Həsənov və Orxan Zamanov, həmçinin, Tarix İnstitutunun əməkdaşı Nərgiz Axundovanın Beynəlxalq Ellin Universitetində elmi ezamiyyətləri başladı.
Zaur Həsənov və Orxan Zamanov Universitetin “Antik arxeologiya və Makedoniyanın qədim tarixi” ingilis dilli magistr proqramının rəhbəri, antik dövr arxeologiyası üzrə mütəxəssis, professor Manolis Manoledakislə və onun əməkdaşı doktor Nikos Akamatislə görüşmüşlər. Görüş zamanı gələcəkdə bu proqram çərçivəsində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsi ilə əməkdaşlıq haqqinda danışıqlar aparılmışdır.
Layihə iştirakçıları həmçinin Saloniki şəhərinin məşhur və qocaman ali təhsil müəssisəsi olan Aristotel Universitetinin “Tarix və Arxeologiya” fakültəsinin dekanı professor Emmanuel Voutirasla və fakültənin professoru Barbara Schmidt-Dounasla görüşdülər. Azərbaycanlı alimlər görüş ərzində antik dövr arxeologiyası problemlərinə dair elmi diskussiya aparmış, yeni tədqiqat mövzuları və nəşrlərlə tanış olmuş, yerli alimlərin iş metodikası ilə maraqlanmışlar. Müxtəlif bölgələrdə antik dövr xronologiyası problemi diskussiyaların xüsusi maraq mərkəzində olmuşdur.
Beynəlxalq Ellin Universitetinin professoru, Horizon 2020 layihəsinin Yunanıstan üzrə milli koordinatoru Giorgos Antoniou azərbaycanlı layihə iştirakçıları ilə görüşüb onlarla elmi və akademik fəaliyyətin inkişafı ilə bağlı məsələləri müzakirə etmişdi. Həmçinin, layihə çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və birgə elmi işlərin aparılması perspektivləri başlıca müzakirə mövzusu idi. AMEA alimləri həmçinin “Makedoniya Tarix Cəmiyyətinin” əməkdaşları professor İakovos Mixailidis və tədqiqatçı Aleksandra Perhanidou ilə görüşmüş, geniş fikir mübadiləsi aparmış və cəmiyyətin fəaliyyətilə tanış olmuşlar.
Horizon 2020 proqramı üzrə Yunanıstanda elmi ezamiyyətdə olan azərbaycanlı alimlər Beynəlxalq Ellin Universitetinin və Aristotel Universitetinin kitabxanalarında elmi tədqiqat işləri aparmışlar.
Salonikidə olduqları müddətdə Azərbaycan nümayəndələri şəhərdəki və ondan kənarda yerləşən dünya şöhrətli tarixi və arxeoloji abidələri ziyarət etmiş, unikal tapıntıların saxlanıldığı muzeylərdə olmuşlar. Qeyd edilənlərə Qədim Makedoniyanın tarixi paytaxtlarının xarabalıqları olan Vergina və Pela qədim şəhər yerləri, Verginada Makedoniyalı İskəndərin atası İkinci Filipin mavzoleyi də aiddir. Həmçinin, Salonikidəki nəhəng arxeoloji muzeyin və açıq hava altındakı “Roma Aqorası” arxeoloji muzeyinin materialları ilə tanış olmuşlar. Layihə iştirakçıları həm də Saloniki şəhərində yerləşən Mustafa Kemal Atatürkün doğulduğu ev muzeyi ziyarət etdilər. Muzey şəhərin ən məhşur turistik yerlərindən biridir.
Hal-hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Valeh Ələkbərov Beynəlxalq Ellin Universitetində layihə çərçivəsində elmi tədqiqatlarını davam etdirməkdədir.