Almaniyada Baden-Vürtemberq ali məktəbləri istisna olmaqla, digər universitetlərdə ilk ali təhsil dərəcəsi almaq üçün təhsil haqqı alınmır.
Bu ölkədə semestr üçün ödəniş edilməsi xahişi ilə universitetdən daxil olan məktub yeni tələbələri təəccübləndirə bilər.Semestr haqqı (Semesterbeitrag) Almaniyada həm yerli, həm də əcnəbi tələbələrin təhsilini davam etdirməsi üçün mütləq şərtdir. Onlar yarım ildə bir dəfə universitetdən göstərilən tarixdə ödənilməsi lazım olan qəbz alırlar. Bu qayda aspirantlara və mübadilə proqramı üzrə Almaniyada təhsil alan əcnəbi tələbələrə də şamil olunur. Doğrudur, bu qruplar üçün bir çox hallarda semestr haqqının məbləği bir az aşağıdır.
Çox vaxt universitetlər bunu cari semestrin başa çatmasından bir neçə həftə əvvəl elektron poçt vasitəsilə xatırladırlar. Ödəniş edən tələbə universitetə təhsilini davam etdirmək niyyətini (Rückmeldung) bildirir. Yalnız bundan sonra ona tələbə bileti və növbəti semestr üçün digər sənədlər verilir.
Vaxtında ödəniş edilmədiyi halda, universitetlər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən cərimələr tətbiq edir. Belə ki, Bonn universitetində cərimənin məbləği 5 avro, Berlin Texniki Universitetində isə 20 avrodur. Əgər dərslərin başlanmasından iki həftə keçmiş qəbzlər ödənilməsə, yaxud qismən ödəniş edilərsə (hissə-hissə ödənişə icazə verilmir), onda tələbə avtomatik olaraq xaric edilir.
Tələbənin ödəniş etdiyi, lakin təhsilini davam etdirmək istəmədiyi halda, pullar qaytarılır. Bir çox hallarda universitetlər ağır əlilliyi olan tələbələri semestr haqqından azad edir. Bəzi ali təhsil müəssisələri akademik tətil götürən tələbələr, məsələn uşağa baxmaq, yaxud xaricdə mübadilə yolu ilə təhsil almaq istəyənlər üçün güzəştə gedir və ödənişin məbləğini azaldır.
Eyni universitetdə bütün tələbələr üçün semestr haqqının məbləğində fərq yoxdur və bu zaman tələbələrin gəlirləri və maliyyə vəziyyəti nəzərə alınmır. Bu məbləğ müxtəlif universitetlərdə 70-300 avro arasında dəyişir. Belə ki, 2018-2019-cu dərs ilinin qış semestrində Ştralzund ali məktəbində birinci kurs tələbələri üçün ödənişin məbləği 88 avro, digərləri üçün 71 avro, Bayroyt Universitetində 107 avro, Hamburq Universitetində isə 325 avrodur.
Bəzi şəhərlərdə dövlət universitetlərinin tələbələri eyni məbləğdə ödəniş edirlər. Məsələn, Münxendə bütün ali məktəblər 129 avro semestr haqqı alır.
Ödənişlərin miqdarı və universitetin coğrafi məkanı arasında qanunauyğunluq yoxdur. Məbləğ fərqi yalnız ödənişli xidmətlərin spektri ilə əlaqəlidir. Bunlar hansı xidmətlərdir?
Bir qayda olaraq, məbləğin əsas hissəsini tələbə gediş haqqının (Semesterticket) dəyəri təşkil edir. Tələbələr bu biletlə şəhərdaxili, bir sıra hallarda bölgə hüdudlarında şəhərlərarası, hətta bütün federal əyalət üzrə ictimai nəqliyyatdan istifadə edə bilirlər. Bəzi universitetlərdə tələbələr gediş haqqından imtina edə və bununla semestr haqqının məbləğini azalda bilərlər. Digərlərində güzəştli gediş haqqından istifadə etmək imkanı tətil vaxtına aid olmur. Gediş haqqını məcburi ödənişə daxil etməyən universitetlər də var. Tələbələr isə nəqliyyat xərclərini tam ödəməli olurlar ki, bu da onların büdcəsinə ciddi təsir edir.
Bundan başqa, semestr haqlarının köçürüldüyü fonddan inzibati işlər, o cümlədən sənədləşmə və tələbə biletlərinin verilməsi xərcləri, həmçinin universitet tələbələrinə dəstək cəmiyyətinin (Studentenwerk) xərcləri ödənilir. Universitetlərin apardığı siyasətlə məşğul olan, tələbələrin maraqlarını müdafiə edən və təhsil məsələlərində konsultasiyalar keçirən tələbə parlamenti və ya tələbə komitələrinin fəaliyyətinə də müəyyən məbləğ ayrılır.
Semestr haqqı hesabına tələbələrin ödənişsiz istifadə etdikləri universitet yeməkxanaları, həmçinin mədəniyyət tədbirləri, idman bölmələri və dil kurslarının təşkili də qismən maliyyələşdirilir. Daha bir üstünlük, tələbələrin universitetdə olduğu vaxt aldığı zədələrdən, habelə üçüncü şəxsə xətər yetirdiyi zaman məsuliyyətdən sığortalanmasının da semestr haqqında daxil edilməsidir. Semestr haqqından ödənilən sığorta polisinə universitetdə park edilmiş velosipedin, həmçinin qarderobdan geyimlərin də oğurlanması halları daxildir.
Mənbə: Azərtac