Bu il Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının 10 ili tamam olur.
Bu əlamətdar hadisə ilə əlaqədar Bakı şəhərində yaxın zamanlarda Fransanın Azərbaycandakı səfirliyinin, AMEA Rəyasət Heyətinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə hər iki ölkə arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərginin təşkili planlaşdırılmışdır.Sərgidə 10 il ərzində hər iki ölkə arxeoloqlarının apardığı birgə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş, dünya arxeologiyası üçün mühüm əhəmiyyət kəsb edən nadir tapıntılar nümayiş etdiriləcəkdir.
Hər iki ölkə arxeoloqları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fondunda birgə tədqiqatlar nəticəsində aşkar edilmiş nadir tapıntıların sərgidə nümayişi üçün seçimini aparmaqdadırlar. Bu prosesdə Fransa tərəfini, uzun illər ərzində Azərbaycanda beynəlxalq ekspedisiyaların rəhbərliyində və tərkibində çalışmış tanınmış alimlər: Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) emeritus-professoru, doktor Bertille Lyonnett, Fransanın Leon-2 Lümyer Universitetinin (Université Lumière Lyon 2) Şərq arxeologiyası bölümünün professoru Mişel Kazanova (Michèle Casanova) və CNRS-in əməkdaşı, müasir arxeoloji tədqiqat texnologiyaları üzrə mütəxəssis doktor Nicolas Gailhard təmsil edirlər.
Professor Mişel Kazanovanın bildirdiyinə görə, 10 il ərzində fransalı arxeoloqlar azərbaycanlı həmkarları ilə birgə Azərbaycanın müxtəlif bölgələrində müasir elmin tələblərinə uyğun multidissiplinar tədqiqatları ehtiva edən apxeoloji qazıntılar aparmış, əldə edilmiş neolit, xalkolit, ilk, orta və son tunc, erkən dəmir və antik dövrlərə aid maddi mədəniyyət nümunələri müxtəlif çeşidli analizlər üçün dünyanın qabaqcıl laboratoriyalarına təqdim olunmuşdur. Eyni zamanda bəzi maddi mədəniyyət nümunələrinin fransalı mütəxəssislər tərəfindən restavrasiyası aparılmışdır.
“Mövzu üzrə qeyd edim ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion-2 Lümyer Universiteti arasında 2017-ci ilin martında imzalanmış qarşılıqlı əməkdaşlıq barədə müqavilənin müddəalarına əsasən, Azərbaycanın cənub bölgələrində birgə beynəlxalq arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin bəziləri müxtəlif çeşidli analizlər və bərpa işləri üçün Fransaya göndərilmişdi. Sərgiyə hazırlıqla əlaqədar Azərbaycana gəlişimizlə eyni zamanda, analizlərinin cavabı artıq bəlli olan və bərpa edilən, xüsusi qutulara qablaşdırılmış həmin tapıntılar Azərbaycana qaytarılmış, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fonduna təhvil verilmişdir. Bu işdə bizə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Lion-2 Lümyer Universitetinin və Fransanın Azərbaycandakı səfirliyinin yardımını xüsusi qeyd etmək istərdim” - deyə professor M.Kazanova bildirdi.
Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion-2 Lümyer Universiteti arasında 2017-ci ilin martında imzalanmış qarşılıqlı əməkdaşlıq barədə müqavilənin müddəalarına əsasən Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığı nəticələrini əks etirən eyni mövzulu sərginin gələcəkdə Parisdə və Tbilisidə də təşkil olunması da planlaşdırılır.