24 sentyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə BEA-nın sədr müavini, professor Vasil Nikolov, bu müəssisənin baş elmi katibi, professor Evdokia Paşeva və Sofiya şəhər merinin müavini, arxeologiya üzrə fəlsəfə doktoru Todor Çobanov daxil idilər. Nümayəndə heyətini Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova müşayət edirdi. Görüşdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri, həmçinin, AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova və AMEA Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəhbəri Bünyamin Seyidov iştirak edirdilər.Görüşü giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Bolqarıstan nümayəndə heyətinə rəhbərlik etdiyi İnstitutun kollektivi, strukturu, İnstitutun son illər ərzində arxeologiya və etnoqrafiya sahələri üzrə apardığı tədqiqatlar, elmi müəssisənin əldə etdiyi uğurlar, dünyanın bir sıra ölkələrinin (ABŞ, Fransa, Almaniya, İtaliya, Yaponiya, Türkiyə və d.) elmi mərkəzləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan tədqiqatlar, müasir texnologiyaların tədbiqi ilə bağlı olan yeni elmi-tədqiqat istiqamətlərinin yaradılması sahəsində İnstitutda aparılan işlər barədə ətraflı məlumat verdi.
Professor Maisə Rəhimova 2018-ci ilin may ayında AMEA nümayəndə heyətinin Bolqarıstanda rəsmi səfəri çərçivəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə BEA-nın Milli Arxeologiya İnstitutu (Muzeylə birgə) arasında imzalanmış memorandumun müasir dövrdə hər iki ölkə arxeoloqlarının gələcək birgə əməkdaşlığı üçün zəmin olduğunu vurğuladı.
Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalski hər iki ölkə alimlərinin müxtəlif elm sahələri üzrə əməkdaşlığı üçün geniş perspektivlərin mövcud olduğunu bildirdi. Akademik Yulian Revalski Azərbaycan və Bolqarıstan arxeoloq və etnoloqlarının birgə tədqiqatlarına, təcrübə mübadilələrinə hər bir dəstəyi göstərməyə hazır olduqlarını qeyd etdi.
Daha sonra görüş iştirakçıları hər iki ölkə alimlərinin əməkdaşlıq perspektivləri, müasir dünya elminin çağırışlarına uyğun tədqiqat sahələrinin inkişaf etdirilməsi, Azərbaycan və Bolqarıstan tədqiqatçılarının arxeologiya, etnoqrafiya, tarix və d. istiqamətlərdə multidissiplinar araşdırmaları ehtiva edən ortaq mövzular üzrə məhsuldar fikir mübadiləsi apardılar.
Görüşdən sonra Bolqarıstan Elmlər Akademiyasının nümayəndə heyəti İçəri şəhərdə yerləşən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun muzey-sərgi zalı ilə tanış olmuşlar. İnstitutun Elmi ekspozisiya şöbəsinin rəhbəri t.ü.f.d. Fərhad Quliyev sərgilənən maddi mədəniyyət nümunələri, Azərbaycan Respublikası və bütünlüklə Cənubi Qafqazda müxtəlif tarixi dövrlər üzrə arxeoloji mədəniyyətlər, Azərbaycan arxeologiyasının inkişaf mərhələləri, işğal edilmiş ərazilərdəki arxeoloji abidələr və aparılan son arxeoloji tədqiqatlar zamanı əldə edilən nəticələr barədə bolqarıstanlı qonaqlara ətraflı məlumat verdi.