Orfoqrafiya qaydalarına edilən bütün dəyişikliklər açıqlanıb - TAM SİYAHI

Orfoqrafiya qaydalarına edilən bütün dəyişikliklər açıqlanıb - TAM SİYAHI backend

Orfoqrafiya Komissiyasının sentyabrın 13-də keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsinin qəbul edilən maddələrinin tam siyahısı açıqlanıb.

“Report” AMEA Nəsimi adına Dilçilik İnstitutundan daxil olan siyahını təqdim edir:

1. Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi.

Mövcud variant: ssenari, ssuda.

Təklif olunan variant: senari, suda.

2. Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi.

Mövcud variant: boss, brass, ekspress, stress, trass və s.

Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.

3. Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.

4. Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa, ümum-Bakı, ümum-Rusiya, və s.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

6. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:

Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi

7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.

Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.
Diaspora