Payızda Gürcüstanda fəaliyyət göstərən bir sıra QHT-lərin, Azərbaycandan olan ziyalılar və gənc fəalların iştirakı ilə Borçalı türklərinin forumunu keçirməyi planlaşdırırıq.
Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz məsələləri üzrə ekspert Kamran Ramazanlı deyib.Ekspert forumun Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutacağını bildirib:
“Forumda Gürcüstanda yaşayan soydaşlarımızın problemləri müzakirə ediləcək. 4 istiqamət üzrə müzakirə nəzərdə tutulub. Birinci məruzə Gürcüstan – Azərbaycan münasibətləri ilə bağlıdır. İkinci məruzdə Gürcüstandakı soydaşlarımızın təhsil problemləri öz əksini tapıb. Üçüncü məsələ isə Borçalıda soydaşlarımızının məşğulluğu ilə əlaqədardır. Bölgədə emal müəssisələrinin açılması, sahibkarlıq sektorunun inkişaf etdirilməsi və bura investisiyanın cəlb edilməsi ilə bağlı məsələlərə də toxunulacaq. Dördüncü məruzə isə Borçalıda mədəniyyət sahəsində QHT-lərin gördüyü işlərə və bu sektorun mövcud durumuna həsr ediləcək.
Nəzərdə tutulub ki, həm Gürcüstandan, həm də Azərbaycandan olan rəsmi şəxslər foruma dəvət edilsin. Yəni, problemlər hər iki dövlətin rəsmi şəxsləri ilə müzakirə edilib, birgə çıxış yolları axtarılsın. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq QHT-lərin nümayəndələrinin forumda iştirakının təmin edilməsi ilə bağlı Milli QHT Forumunun prezidenti Rauf Zeyni ilə görüşdüm və bununla bağlı razılaşma əldə edildi”.
Kamran Ramazanlı bildirib ki, forumun əsas məruzəsi təhsillə bağlı olacaq:
“Borçalıda orta məktəblərin sayı sürətlə azalır. Hazırda 183 məktəbdən 120 məktəb qalıb, pedoqoji kadrlar da çatışmır. Olan kadrlar da tələblərə cavab vermir. Biz bununla bağlı müxtəlif istiqamətlər üzrə məsələ qaldırsaq da, təəssüf ki, problemlər öz həllini tapmır. Əvvəllər Tiflisdə Pedoqoji Universitetdə Azərbaycan ədəbiyyatı fakültəsi fəaliyyət göstərirdi. Bu fakültə də bağlanıb. Hesab edirəm ki, Azərbaycan və Gürcüstanın Təhsil Nazirlikləri bu fakültənin fəaliyyətinin yenidən bərpa edilməsini, yaxud Azərbaycanda fəaliyyət göstərən universitetlərdən birinin Tiflisdə filialının açılmasını müzakirə etməlidirlər”.
K.Ramazanlının sözlərinə görə, əvvəllər azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunda 43 məktəb vardı, indi isə cəmi 18 məktəb qalıb: “Əvvəllər bu məktəblərdə 10050 şagird oxuyurdusa, indi məktəblərdə 2500 şagird qalıb. Bolnisi rayonu üzrə Azərbaycan məktəblərində 2950 müəllim var idi, indi isə 406 müəllim var. Bu müəllimlərin də 81%-i təqaüd yaşında olan, yaxud təqaüd yaşına çatmış insanlardır. Yəni, Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə təhsil vəziyyəti bərbaddır. Bu da milli məktəblərin bağlanılmasına gətirib çıxarır. Əgər pedoqoji kadrla bağlı yaranmış problem də öz həllini tapmasa, çox ciddi problemlərlə üzləşəcəyik”.