Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 20-si saat 23:59-da başa çatır.
Qaziler.az-ın məlumatına görə, DİM-dən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının səkkizinci nömrəsində yer alıb. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının beşinci nömrəsində dərc olunub.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil və orta ixtisas təhsili müəssisələrinin ixtisas kodunu http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanındakı “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini bildirməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.