Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar backend

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyanın Gəncə və Goranboy ərazisində apardığı arxeoloji tədqiqatların ilkin mərhələsinin yekunları haqda məlumat verilib

Qaziler.az bildirir ki, iyunun 11-dən etibarən Gəncə və Goranboy ərazisində, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) müdiri, professor Nikola Lanerinin həmrəhbəri olduqları Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlamışdı. Beynəlxalq ekspedisiyanın tərkibinə İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), həmçinin, müxtəlif arxeometrik sahələr üzrə Almaniya və Fransadan olan mütəxəssislər də cəlb edilmişdilər. Arxeoloji qazıntıların əsas obyektləri Gəncə şəhəri ətrafındakı son tunc — erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilmiş ilk tunc dövrünə aid kurqanlar olmuşdur.

Gəncə və Goranboy ərazisində ilkin arxeoloji tədqiqatları yekunlaşdırmış Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisyasının italiyalı həmrəhbəri, professor Nikola Laneri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova ilə görüşmüş, tədqiqatların ilkin mərhələsinin yekunları barədə fikir mübadiləsi aparılmışdır.

Professor Nikola Laneri öncə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinə ekspedisiyanın təşkili və qarşılıqlı əməkdaşlıq istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirmişdir. O, həmçinin, Gəncə şəhərinin və Goranboy rayonunun rəhbərliyinə elmi tədqiqatlara göstərdikləri qayğı və diqqəti xüsusi olaraq vurğuladı.

Görüşdə italiyalı alim apardıqları tədqiqatların ilkin mərhələsinin yekunları barədə məlumat verdi. Professor N.Laneri bildirdi ki, Gəncə şəhəri ətrafında hələ 2015-ci ildə Azərbaycan arxeoloqları tərəfindən GPS cihazları ilə qeydə alınmış kurqanların müasir tələblərə uyğun tədqiqi və müfaviq konservasiya durumuna gətirilərək ərazidə kurqanlardan ibarət dünyada ilk dəfə unikal arxeoparkın təşkili tədqiqaların perspektivlərinə daxildir.

Həmçinin, Goranboy ərazisində müasir arxeoloji tədqiqatların tələblərinə uyğun olaraq ilk tunc dövrünə aid kollektiv dəfnli kurqanın tədqiqatının ilkin mərhələsi yekunlaşmışdır. Bu mərhələ müddətində kurqanın örtüyü xüsusi cihazlarla və qeydiyyat prosedurları ilə tədqiq edilmişdir. Kurqanın örtüyündə Kür-Araz mədəniyyətinin son mərhələsinə aid sallama dəfnlər aşkar edilib. Aşkar edilmiş materialların nümunələri dünyanın aparıcı laboratoriyalarında müxtəlif istiqamətli analizlərə təqdim ediləcəklər. Kurqan örtüyü altında aşkar edilmiş kollektiv dəfnli kameranın (“kurqanaltı sərdabə”) xüsusi metod və cihazlarla tədqiqi artıq gələn ilin tədqiqat mövsümünə planlaşdırılmışdır. Professor N.Laneri xüsusi olaraq vurğuladı ki, arxeologiyada Kür-Araz mədəniyyəti problemləri kontekstində unikal bir təzahür olan kurqanaltı sərdabələr ilk tunc dövrü üçün “Azərbaycan fenomeni” kimi dəyərləndirilməkdədir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova öz növbəsində aparılan tədqiqatların Azərbaycan və dünya arxeologiyası üçün əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Görüşdə qarşılıqlı əməkdaşlıqın istiqamətləri barədə fikir mübadiləsi aparıldı.
Diaspora