“Elmlər Akademiyası cərimə batalyonuna oxşayır” - Tanınmışlar bu qurumun ləğvini İSTƏDİLƏR

“Elmlər Akademiyası cərimə batalyonuna oxşayır” - Tanınmışlar bu qurumun ləğvini İSTƏDİLƏR backend

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 40-a yaxın institut və təşkilat fəaliyyət göstərir. Bir çox institutların isə bir-birlərini təkrarladığı aşkar görünür.

Məsələn, Geologiya və Geofizika, Coğrafiya institutlarının ayrı-ayrılıqda fəaliyyət göstərməsinə ehtiyac varmı?! Eyni halı digər sahələr üzrə ayrı-ayrılıqda fəaliyyət göstərən institutlara da şamil etmək olar.

Belə olan halda, AMEA-dakı institutların ləğv edilməsi məsələsi gündəmə gələ bilərmi?

Ümumiyyətlə, AMEA-nın ləğv olunması böyük alim ordusuna hansı mənfi təsir edə bilər?

Keçmiş deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə AMEA-dakı institutların digər qurumlara birləşdirilməsinin əhəmiyyətindən söz açıb.

“Elmlər Akademiyasının idarəetmə və struktur fəlsəfəsi dəyişməlidir. Əvvəla, praktik tərəflərə verilməlidir. Məsələn geologiya sahəsi Dövlət Neft Şirkətinə tabe olmalı və sifarişçi neft şirkəti olmalıdır. İstər elmi kəşflərlə, istərsə də geoloji tərəfləri ilə bağlı sifarişçi neft şirkəti olmalıdır. Neft şirkətinin sifarişi əsasında da fəaliyyət göstərməlidir. Adamlar da bilməlidir ki nə ilə məşğuldurlar.
Humanitar sahələrin hamısı Təhsil Nazirliyinə verilməlidir. Sifarişçi Təhsil Nazirliyi olmalıdır. Təhsil Nazirliyi tariximizin tədqiq olunmayan dönəmi ilə bağlı sifariş verməlidir.

Təhsil Nazirliyinin tərkibində olacaq alimlər qrupu na deyilməlidir ki, filan dövr tədqiq olunsun. Təbii ki, bununla bağlı Təhsil Nazirliyi vəsait ayırmalıdır. O cümlədən də digər sahələr belə olmalıdır.

Elmlər Akademiyası ölü bir cərimə batalyonuna oxşayır. Ötən əsrdə - Sovet dövründə kim ki, vəzifədən xaric olunurdu, onların hamısını Elmlər Akademiyasına göndərirdilər. Bir sözlə, akademiyaya elmlə məşğul olanlar yox, vəzifədən “vurulan” adamlar gəlib çıxırdı. Ona görə də bütövlükdə bu sistemi dəyişmək lazımdır. Elmlər Akademiyasını dünya ilə ayaqlaşa bilən və elmlə məşğul olan bir struktura çevirmək lazımdır. Yoxsa, kimin ağlına nə gəldi götürüb onu tədqiq edəcəyini deyir. Vacib olub-olmadığını aydınlaşdırmadan müdafiə etməyə başlayırlar. Nə olsun müdafiə edirlər. O araşdırmanın Azərbaycana faydası varmı?”.

Şərqşünas, tanınmış politoloq Zərdüşt Əlizadə də AMEA-nın indiki halını qəbul etmədiyini deyib:

“Düzü, akademiya haqqında danışa biləcək mütəxəssis deyiləm. Amma 17 il orada çalışmışam deyə, bir kəlmə söyləyə bilərəm. Cəmiyyət elmə, alimlərə ictimai sifariş verirsə, alimlər gerçəkliyi arayıb həqiqəti üzə çıxarsınlar. Bu zaman çox gərəkli, dəyərli tədqiqatlar yaranır, fikirlər çox müxtəlif olar, qızğın mübahisələr gedər, ideoloji məsələlər ətrafında müzakirə aparılar.
Əgər cəmiyyət elmə və alimlərə belə bir sifariş vermirsə, onda sönük boz bir məmur həyatı yaşanır”.


(modern.az)
Diaspora