AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun koordinatorluğu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Avstraliya, Rusiya, ABŞ və Misir alimlərinin birgə iştirakı ilə dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun 350 milyon nukleotid cütündən ibarət nüvə genomu oxunaraq annotasiya olunub.
AMEA-dan "Report"a verilən məlumata görə, nar bitkisinin 6 orqan üzrə transkripsiya profili müəyyənləşdirilib.Sözügedən fakt ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi tərəfindən qeydə alınaraq dünya tədqiqatçılarının açıq istifadəsi üçün həmin mərkəzin GenBank bazasında yerləşdirilib.
Ümumi həcmi milyardlarla nukleotid olan bu məlumatların həm ayrılıqda, həm də bir sıra digər bitkilərə (şaftalı, üzüm, evkalipt və s.) aid müvafiq məlumatlarla ilkin müqayisəli bioinformatik analizi bir sıra maraqlı və önəmli elmi faktlar ortaya çıxarıb. Müəyyən olunub ki, nar bitkisinin nüvə genomunda 5485 gen ailəsinə daxil olan 51160 potensial gen mövcuddur.
Bundan əlavə, nar, şaftalı, evkalipt və üzüm bitkilərinin zülal kodlaşdıran genlərinin müqayisəsi nəticəsində nar və evkaliptin təkamül baxımından daha yaxın olduqları aşkar edilib. Eyni zamanda nar bitkisinin nüvə DNT-sində müxtəlif tip mikrosatellitlərin - mono-, di-, tri-, tetra-, penta- və heksa-nukleotid təkrarların genomda təxmini sayı və paylanmasının ümumi profili müəyyənləşdirilib.
Hazırda nar genomu üzrə aparılan tədqiqatların ən mühüm nəticələri əsasında böyük həcmli elmi məqalə çapa hazırlanır və yaxın vaxtlarda tanınmış beynəlxalq elmi jurnallardan birinə təqdim olunacaq.