Təklif olunan, keyfiyyətləri ilə seçilən təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyətin verilməsi gələcəkdə ciddi problemlər yarada bilər.
Bu sözləri Təhsil Nazirliyinin bəzi məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyət veriləcəyi ilə bağlı açıqlamasını Axar.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu il tətbiq edilən təmayül siniflərinin nəticələrini görmədən növbəti addımı atmaq təhlükəli ola bilər:“Kurikulum standartları orta məktəblərə tətbiq edilməyə başlanandan bu günə qədər ölkədəki 4500 orta məktəbdə 150 min müəllim tərəfindən tam şəkildə bərqərar olmayıb. Məhz bunun nəticəsidir ki, IX siniflər üçün keçirilən buraxılış imtahanlarında 70 faizdən çox şagird aşağı nəticə göstərdi. Ölkədə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında vahid qaydada imtahan keçirilir. Test tapşırığı tərtib edən müəllim bunu hansısa məktəbə görə edə bilməz. Bundan başqa, bütün imtahanda iştirak edən şəxslər üçün vahid dərsliklərdən imtahan sualları hazırlanır ki, bu dərsliklərdə də bütün standartlar tətbiq edilir. Lakin biz hansısa orta məktəbə seçim muxtariyyəti versək, onun şagirdləri qəbul imtahanlarında iştirak edəndə ola bilər ki, onların keçmədiyi standartlara cavab verməli olacaqlar. Hesab edirəm ki, məktəblərə muxtariyyət statusu verməkdənsə, kurikulum standartlarını təkmilləşdirmək daha effektiv olar”.
Qeyd edək ki, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev öz keyfiyyətləri ilə seçilən, təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyət veriləcəyini bildirib.
Axar.az