Əlimərdan bəy Topçubaşovun xatirəsi anılıb

Əlimərdan bəy Topçubaşovun xatirəsi anılıb backend

Noyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, görkəmli dövlət xadimi, hüquqşünas, jurnalist Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunan tədbir keçirilib.


Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə universitetin beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aida Yusifzadə Ə.Topçubaşovun həyat və fəaliyyəti haqqında məlumat verib.

Sonra professor Solmaz Rüstəmova-Tohidi “Topçubaşov siyasi xadim və diplomat kimi” mövzusunda məruzə ilə çıxış edib. O, Ə.Topşubaşovun siyasi fəaliyyətinin, həyat və yaradıcılığının mühüm məqamlarından söz açıb, onun azərbaycançılıq ideologiyasının formalaşmasında, AXC-nin de-fakto tanınmasında böyük əməyinin olduğunu vurğulayıb.

ADU-nun rektoru, Əməkdar Elm Xadimi, akademik Kamal Abdulla “Auditoriya+” proqramı çərçivəsində təşkil edilən silsilə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb, tarixi mövzularda tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

K.Abdulla deyib: “Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təqdim etdiyi mövzu hamı tərəfindən maraqla qarşılandı. Bu cür mövzuların tələbələrdə maraq oyatmasını çox müsbət dəyərləndirirəm. Bu gün müzakirə olunan mövzu tarixi və siyasi əhəmiyyət daşıyır. Bir tələbə burada o vaxtkı hökumətin, parlamentin etnik tərkibi haqqında sual verdi. Maraqlı sual idi, diqqətimi çəkdi. Bu sualla bağlı bir vacib məqamı qeyd etmək istəyirəm ki, Azərbaycanda həmişə multikultural mühit olub. Təsadüfi deyil ki, bizim görkəmli ictimai-siyasi xadimlərimizin, yaradıcı insanlarımızın yazılarında həmişə multikultural dəyərlərin qorunmasının vacibliyi haqqında qeydlərə rast gəlirik. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir, multikultural dəyərlərin qorunması istiqamətində çox ciddi addımlar atır. Ötən il də, bildiyiniz kimi, “Multikulturalizm İli” elan edilmişdi. Burada bir məqamı da qeyd etmək istəyirəm. Bu tədbirin ulu öndər Heydər Əliyev muzey-lektoriyasında keçirilməsi, mənə elə gəlir ki, təsadüfi deyil və xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider cümhuriyyət ideyalarını ən yüksək səviyyədə həyata keçirmiş dahi şəxsiyyətdir”.
Diaspora