Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik günü qeyd olunub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan danışıb. Rektor bu il liseyin 46 məzunundan 13-nün 600-dən yuxarı bal topladığını, onlardan 7 nəfərin qızıl, 1 nəfərin gümüş medal aldığını, 9 nəfərin isə fərqlənmə attestatına layiq görüldüyünü bildirib. Qeyd edib ki, liseyi bitirən məzunların hamısı əvvəlki illərdə olduğu kimi, bu il də yüksək nəticələrlə yerli və xarici universitetlərə qəbul olunublar. Abel Məhərrəmov bu il liseyin V sinfinə qəbul olmuş şagirdlərin yaxşı oxuyacaqlarına ümidvar olduğunu bildirib.
Liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onyaşlı liseyin fəaliyyətindən bəhs edib.
Məzunlar adından bu il yüksək bal toplayaraq BDU-nun kimya fakültəsinə daxil olan Arzu Fərzullayeva çıxış edərək şagirdlərə uğurlar diləyib.