"Təbii ki, yeni tədris ilində tələbələrimizin həm təhsilinə, həm də fakültə həyatına müsbət təsir göstərəcək bir sıra yeniliklərə imza atmaq niyyətindəyik. Bununla bağlı müxtəlif çoxsaylı təkilflər almışıq və bizə maraqlı gələnlər dəyərləndirilib. Bu yeniliklərin həyata keçirilməsində universitet rəhbərliyinin də, rektorumuz akademik Abel Məhərrəmovun da dəstəyi son dərəcə böyükdür və inanıram ki, tələbələrimiz yeni layihələrimizdən bəhrələnəcəklər”
Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.
“Elə tədris ilinin ilk günündə Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun İnformasiya təminatı sektoru ilə fakültəmiz arasında imzalanacaq Niyyət Sazişini vurğulamaq istərdim. Bu sazişin imzlanması ilə bağlı artıq nə zaman idi ki, müzakirələr aparırdıq və bu gün artıq onun nəticəsi olaraq razılaşmanı imzalayacağıq”-deyə o əlavə edib.
V. Zifəroğlunun sözlərinə görə, həmin sazişlə tərəflər təşkilati, insan və maliyyə resurslarını səfərbər edəcəklər. Bu da Azərbaycan əhalisinin elmi biliklərin müxtəlif sahələri üzrə maarifləndirilməsi deməkdir.
“Xüsusilə gənclərin bilik və bacarıqlarının artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist hazırlığı istiqamətlərində birgə fəaliyyət göstərmək nəzərdə tutulub. Jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər və yazarlarla görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi sahəsində əməkdaşlıq etməyi nəzərdə tuturlar”.
O bildirib ki, yeniliklər bunlarla bitmir.
“Razılaşmaya əsasən birlikdə “Gənc jurnalistlər” Klubunu təsis edəcəyik. Bu da tələbələr üçün çox maraqlıdır. Yeri gəlmişkən, klubun əsasnaməsinin üzərində hazırda iş gedir və yaxın günlərdə onun təsis edilməsi ilə də bağlı mediaya açıqlamamız olacaq. Başqa razılaşmalarımız da var. Sadəcə detallarla bağlı dəqiqləşdirmələr aparıldığından hələ ki, məlumat verməyi düzgün hesab etmirəm. Lakin fakültənin özündə müxtəlif dərnəklərin və kursların təşkil edilməsi nəzərdə tutulub. Zamanla bütün bu yeniliklər tətbiq edildikcə onlar barədə mediaya məlumat verəcəyik”.
Vüqar Zifəroğlu fakültədə yaşlı müəllimlərin olmasından da danışıb.
“Jurnalistika fakültəsi əslində orta yaş həddinə görə, cavan fakültələrdən biridir və professor-müəllim heyətində kifayət qədər gənc və orta yaşın nümayəndələri təmsil olunmaqdadırlar. Lakin fakültəmizin peşəkar müəllimləri məhz bizim ustad, ağsaqqal müəllimlərimizdir. Şirməmməd Hüseynov Azərbaycan jurnalistikasının canlı əfsanəsidir.
Onun mətbuatımızın tarixi, mənəvi irsi ilə bağlı araşdırmaları biz hər birimiz üçün dərslikdir. Professor Cahangir Məmmədli jurnalistikanın nəzəriyyəsi və təcrübəsinin vəhdətini özündə yaşadan ustad müəllimimizdir.
Professor Nəsir Əhmədli bir çox peşəkar jurnalistlərin yetişməyində böyük əmək xərcləmiş sənətkar, jurnalistlərin nitq mədəniyyəti üzrə seçilən ekspertdir. Eləcə də digər ağsaqqal müəllimlərimiz. Onlarsız bu fakültəni təsəvvür etmək çox çətindir”.