Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzi Qəbələdə keçirilən V Beynəlxalq Mürəbbə Festivalında təmsil olunub.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, mərkəz festivalda ənənəvi mürəbbələrdən başqa, səkkiz növdə qeyri-adi mürəbbələr (qarğıdalı, günəbaxan, yemiş, limon, bənövşə, nanə, itburnu, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr) nümayiş etdirib.
Şəki Regional Elmi Mərkəzi festivalda fəal iştirakına görə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov tərəfindən diplomla təltif olunub.
Qeyd edək ki, Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının dəstəyi ilə keçirilən festivalda 22 ölkənin 44 şəhər və rayonundan şirniyyatçılar iştirak ediblər. Tədbirə beş mindən çox yerli və xarici turist cəlb olunub. Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə keçirilən festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya yaradılıb. Müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis və ekspertlərin daxil olduqları münsiflər heyəti qalibləri müəyyənləşdirib.