Paytaxt məktəblilərinin Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, ekskursiya zamanı “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan yay məktəbinə qatılan şagirdlərə muzey haqqında ətraflı məlumat verilib. Şagirdlər muzeydəki eksponatlarla tanış olublar.Qeyd edək ki, avqust ayından VII-VIII sinif şagirdləri üçün yay məktəbinə start verilib. Avqustun 31-dək davam edəcək yay məktəbinin II mərhələsi 400-dən artıq şagird üçün təşkil olunub. Hazırda məktəblilər üçün təlim, seminar, sessiya, əyləncəli oyun və idman yarışları keçirilir.
“Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakıdakı 30 ümumtəhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.