AMEA əməkdaşları beynəlxalq elmi layihədə iştirak edir

AMEA əməkdaşları beynəlxalq elmi layihədə iştirak edir backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu-21-ci əsrlər” layihəsi çərçivəsində Avstriya və Gürcüstanda elmi tədqiqatlar aparmaqdadırlar.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Pərviz Qasımovun Qaziler.az-a verdiyi məlumata görə, institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov 2016-cı ildə “Horizon 2020” qrant lahiyəsində iştirak üçün İnstitut adından müraciət etmiş və iştirak barədə müsbət cavaba nail olmuşdur.

2017-ci ilin yanvar ayından başlayan layihə 4 il müddətində davam edəcək və bu layihədə 12 ölkə (Avstriya, Azərbaycan, Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna, Makedoniya, Rusiya, Moldova və d.) iştirak edir. Layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin (Karl-Franzens-Universität Graz) Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Azərbaycan üzrə layihənin milli koordinatoru Zaur Həsənovdur.

Layihənin ilk mərhələsi 2017-ci ilin yanvar ayının 14-də Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetində başlandı. Bu zaman layihə ilə bağlı ilk texniki və nəzəri seminar keçirildi. Seminarı professor Karl Kayzer və onun kafedrasının əməkdaşı Dominik Gutmeyr (PhD) aparırdılar. Bu seminarda Zaur Həsənov iştirak etmişdir.

Zaur Həsənov bu layihəyə AMEA-nın 8 əməkdaşını cəlb etmişdir. İyunun 12-dən eitbarən Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov və Orxan Zamanov layihə çərçivəsində ilk elmi ezamiyyətlərini Karl və Frans ad. Qrats Universitetində gerçəkləşdirməyə başladılar.

İyul ayının 8-dən və avqustun 1-dən etibarən Ş.Rustaveli adına Batumi Dövlət Universitetində AMEA-nın daha 7 əməkdaşından ibarət heyətinin elmi ezamiyyəti gerçəkləşdi. Bu heyətə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədov, Pərviz Qasımov, Valeh Ələkbərov və həmçinin, A.A.Bakıxanov adına Tarix İnstitutu əməkdaşları tarix elmləri doktoru İradə Bağırova, tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə daxildirlər.

Layihədə iştirak edən AMEA əməkdaşları ezam olunduqları ölkələrdə həmkarları ilə elmi mübadilə xarakterli görüşlərdə iştirak edir, layihə çərçivəsində elmi tədqiqat mövzuları ilə əlaqədar araşdırmalar aparır, həmçinin, arxeoloji abidələrlə tanış olur, kitabxanalarda, elmi araşdırma mərkəzlərində və elmi arxivlərdə tədqiqatlarını davam etdirirlər. Layihə iştirakçıları avqust-sentyabr aylarında ezamiyyətlərini başa çatdıraraq Vətənə qayıdacaqlar.
Diaspora