Tomsk İdarəetmə Sistemləri və Radioelektronika Universitetinin tədqiqatçıları insanlara depressiya vəziyyətindən çıxmağa kömək edən lampa hazırlayıblar.
AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, bu cihaz depressiyanın öhdəsindən gəlməyə imkan verməklə yanaşı, insanın iş qabiliyyətini hiss olunacaq dərəcədə artırır. Xüsusi lampa gözün torlu qişası vasitəsilə insanlar tərəfindən qəbul edilən və beyinin ritmlərini stimullaşdıran parıltı yaradır. Alfa-ritmlər (8-14 Hs) emosional vəziyyəti, beta (14-40 Hs) ritmlər isə iş qabiliyyətini normallaşdırır. Beyinin uğurlu stimulyasiyası üçün seans təxminən on dəqiqə davam edir. Cihaz öz təyinatı üzrə istifadə olunmursa, o, adi işıqlandırma lampası kimi xidmət edə bilər.
Hazırda cihazın sınaqları keçirilir, adi işıqlandırma və gün işığının cihazın işinə mane olub-olmadığı araşdırılır. Layihənin bir il ərzində yekunlaşdırılması və satışa çıxarılması planlaşdırılır.